“Avropa Şurası bu dəfə də səsini çıxartmadı”

Avropa Parlamenti üzvlərinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı verdiyi bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını bir daha təsdiq edir”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamenti üzvlərinin Ermənistanın bu addımını beynəlxalq hüququn pozuntusu kimi dəyərləndirməsi, bu təşəbbüsdən təəssüfləndiklərini, bu addımın sülh üçün mühit yaratmağa kömək etmədiyini bildirmələri münaqişədə haqlı tərəfin Azərbaycan olduğunu bir daha təsdiq edir.

İ.İsmayılov təəssüflə bildirib ki, Avropa Şurası kimi qurumlar bu kimi məsələlərdə səssiz qalır:

“Bu qurum Dağlıq Qarabağ məsələsi ilə bağlı hər zaman ikili mövqe nümayiş etdirib. Qondarma Dağlıq Qarabağda keçirilən saxta seçkiləri aparıcı beynəlxalq təşkilatlar qınasa da, Avropa Şurası bu dəfə də səsini çıxartmadı. Hesab edirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında geniş məzmunlu və əhatəli çıxışında səsləndirdiyi fikirlərlə bu qurumun əsl mahiyyətini ortaya qoydu. Bu qurum hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı bir dəfə də fikir bildirməyib. Ancaq digər məsələlərdə “ikili standart” yanaşmalar sərgilədiklərinin şahidi oluruq”.