Avropa təsisatları Ermənistanın riyakar siyasət yürütdüyünün fərqindədir

Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat veriblər. Onlar qeyd ediblər ki, Ermənistanın baş nazirinin Qafan – Hadrut avtomobil yolu ilə bağlı qərəzli fikirləri sülhə və sabitliyə xidmət etmir. Avropanın nüfuzlu siyasi qurumu rəsmilərinin bu məsələdə prinsipial mövqeyi Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissilə qarşlanıb. Bəyanatla bağlı Mili Məclisin deputatı Anatoli Rafailov bunları dedi:


– Mən bu mühüm sənədlə yaxından tanış oldum. Təqdirəlayiq haldır ki, Ermənistanın baş nazirinin münaqişənin həllinə yox, daha da dərinləşməsinə xidmət edən qərəzli açıqlamaları avropalı siyasətçilərin də nəzərindən yayınmayıb. 


Keçən ilin sonunda Paşinyan çıxışlarından birində Qafan rayonunu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarının ərazisindən keçməklə Dağlıq Qarabağ ərazisi ilə birləşdirəcək yeni avtomobil yolunun cəkiləcəyi barədə anons vermişdi. Paşinyanın nəzərdə tutduğu layihənin təfərrüatlarını öyrəndikdən sonra Avropa Parlamenti (AP) rəsmiləri anlamışlar ki, Paşinyanın irəli sürdüyü plan heç də Avropanın gözlədiyi kimi, regional əməkdaşlığa, Şərq tərəfdaşlığı ölkələri arasında əlaqələrin yaxınlaşmasına deyil, əksinə regionda mövcud olan münaqişənin daha da dərinləşməsinə xidmət edir. 


Buna görə də AP rəsmiləri – qurumun Cənubi Qafqaz ölkələri üzrə PƏK həmsədri xanım M.Kalyurand, Azərbaycan üzrə məruzəçi xanım Jelyana Zovko və Ermənistan üzrə məruzəçi Trayan Basesku birlikdə bəyanat verərək Paşinyanın növbəti təxribatına öz kəskin etirazlarını bildiriblər. 


Bəli, Avropa institutları Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. Avropa təsisatları, beynəlxalq ictimaiyyət artıq görür və əmindirlər ki, işğalçı Ermənistan Dağlıq Qarabağda infrastrukturu dəyişdirməyə cəhd göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın nəticələrini qanuniləşdirmək istəyir. 


Hesab edirəm ki, AP-nin sözügedən bəyanatı həm də Azərbaycan dplomatiyasının böyük uğurudur. Belə ki, diplomatlarımızın gərgin səyləri nəticəsində Avropa institutları görür ki, danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyyatlar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməli bir-birinə tərs mütənasibdir. 
Dağlıq Qarabağla bağlı həqiqətlər artıq üzə çıxır. İnanıram ki, münaqişənin ədalətli həllinə çox az vaxt qalmışdır. Azərbaycan torpaqları ən yaxın gələcəkdə düşməndən azad ediləcək. 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, 
“Xalq qəzeti”