Avtobusu qəza törətdi: 1 ölü, 16 yaralı (YENİLƏNİB)

Avto

Bu gecə saat 04:30-da Bakı-Qazax yolunda dəhşətli yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Fərman Yusif oğlu Hacıyevin idarə etdiyi “VAZ-21011” markalı, 41-BB-557 dövlət nömrə nişanlı avtomobillə Adil Rafiq oğlu Nəzərovun idarə etdiyi “Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı avtobus toqquşub.

Zərbənin təsirindən “VAZ” markalı avtomobil istifadəyə yararsız hala düşüb. Maşının sürücüsü də sükan arxasında dünyasını dəyişib. Avtobusda olan sərnişinlərdən isə 16 nəfər yaralanıb. Yaralılardan 7 nəfər Ucar rayon Mərkəzi Xəstəxanasına, 8 nəfər isə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlar aşağıdakılardır: 30 yaşlı Samir Hacıyev, 33 yaşlı Sərminə Hüseynova, 67 yaşlı Ədalət Osmanov, 29 yaşlı Tarif Mirzəyev, 42 yaşlı Yeganə Qəzənzadə, 49 yaşlı Turac Namazova, 63 yaşlı Gülpəri Osmanova, 25 yaşlı Əzizə Əliyeva və 62 yaşlı Əsgər Əliyevdir.

Ədalət Osmanovla Gülpəri Osmanovanın vəziyyətləri nisbətən daha ağırdı.

Faktla bağlı araşdırma aparılır.

***09.57

Ağdaşda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub, 16 yaralı var.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yenicə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus “Ford” markalı sərnişin mikroavtobusu sahibi məlum olmayan “VAZ” markalı minik avtomobili ilə toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusda olan 15 nəfər şəxsiyyətləri məlum olmayan sərnişinlər müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Ucar və Ağdaş rayon Mərkəzi xəstəxanalarına aparılıblar.

Mikroavtobusda sıxılmış vəziyyətda qalmış 1 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla mikroavtobusdan çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Əməliyyat saat 03:28-də başa çatıb.