“Uzun illər ana dilimiz bir çox çətinliklərlə sınağa çəkilmişdi” – Deputat

“Azərbaycan ötən əsrin sonlarında öz müstəqilliyini bərpa etdikdən sonra yaranmış tarixi şərait xalqımızın bütün dünyada qəbul olunmuş ümumi yazı sisteminə inteqrasiyası üçün yeni perspektivlər açdı. Əlbəttə ki, bunu üçün latın qrafikalı Azərbaycan əlifbasının bərpası artıq zəruri idi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Mübaliğəsiz deyə bilərik ki, çox geniş imkanlara malik olan Azərbaycan dilinin bu gün dünya dilləri sırasında özünəməxsus yeri var. Son dərəcə səlis fonetikaya, sabit qrammatik quruluşa, yüksək yazı mədəniyyətinə və zəngin söz ehtiyatına sahib olan müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-texniki, mədəni və hərbi sahələrdə əhatəli şəkildə və ən əsası rahatlıqla işlənir. Xalqımız tarixin ən keşməkeşli dövrlərində, ölkəmizin müxtəlif imperiyaların tərkibində olduğu dönəmlərdə belə öz doğma dilini qoruyub saxlamış, inkişaf etdirmiş və bugünkü səviyyəsinə gətirib çıxarmışdır.”

Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat qeyd edib ki, ana dilimizin ən çox sıxışdırıldığı tarixi mərhələlərdən biri də Azərbaycanın sovet imperiyasının tərkibində mövcud olduğu illərə təsadüf edir: “Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 70 il davam edən sovet dönəmində ana dilimiz bir çox çətinliklərlə sınağa çəkilmişdir. Həmin illərdə Kremlin tətbiq etdiyi yalançı beynəlmiləlçilik siyasi-ideoloji konsepsiyası əslində ittifaqın tərkibində olan xalqların milli varlıqlarını, özünəməxsusluğunu və əlbəttə ki, ilk növbədə dilini yox etməyə hesablanmışdı. Məhz bu baxımdan Azərbaycan respublikasına rəhbərliyə 1969-cu ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gəlməsi SSRİ rəhbərliyinin milli-mədəni irsimizin, doğma dilimizin məhvini nəzərdə tutan bütün planlarını alt-üst edən bir tarixi hadisə oldu. Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə məqsədyönlü şəkildə həyata keçirdiyi fəal siyasəti qısa bir zamanda respublikamızda milli özünəqayıdış və milli özünüdərk konsepsiyalarını formalaşdırdı, milli azadlıq ruhunu yüksəltdi. Məhz həmin illərdə Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. Əlbəttə ki, mərkəzi hökumətin iradəsinin ziddinə olaraq rəhbərlik etdiyi respublikada milli siyasət yürüdən Ulu Öndər sözün əsl mənasında həm karyerası, həm də həyatı ilə risk edirdi. Lakin bütün ömrünü öz xalqına xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevi bu kimi təhlükələr öz məqsədlərindən heç zaman çəkindirə bilməyib. O cümlədən ana dili məsələsində də öz mövqeyini hər zaman çox cəsarətlə, qətiyyətlə bildirən Ulu Öndər bu barədə demişdir: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Nəhayət, 1978-ci ildə Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə daha bir cəsarətli və bəlkə də həlledici addım ataraq Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması təşəbbüsünü irəli sürdü. Ulu Öndərin gərgin səyləri nəticəsində bu təşəbbüs həyata keçdi və Azərbaycan dili respublikada dövlət dili statusuna sahib oldu. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.”

Daha sonra deputat bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması məsələsində də Heydər Əliyev siyasi kursuna sadiqlik özünü tam dolğunluğu ilə göstərməkdədir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsinə hər zaman böyük həssaslıqla yanaşan Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.” Bu baxımdan möhtərəm dövlət başçımız tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biridir. Bu sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Xüsusi olaraq qeyd olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi xüsusunda olduqca önəmli rol oynayır. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşları elektron hökumət portallarında ictimai həyatımızın bütün sahələrini əhatə edən xidmətlərdən rahatlıqla istifadə edə bilirlər. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin qorunması və inkişafı kimi məsələlərin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.