Azərbaycan əraziləri separatçılardan tamamilə təmizləndi

“ATƏT Nazirlər Şurasının iclasında Azərbaycanın mövqeyi bir daha səsləndirildi, Ermənistanın manipulyasiyası, tədbir iştirakılarında yanlış təəssüratlar oyatmaq cəhdi ifşa edildi. Eyni zamanda, ATƏT beynəlxalq təşkilat olaraq və Ermənistan-Azərbaycan münaqişəsinin həllində, o cümlədən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının həvələ olunduğu yeganə qurum olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı işğalçının qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında effektiv ola bilməyib. Əksinə, Azərbaycanın haqq səsini eşitmək istəməyib, 1994-cü ildən indiyə qədər işğalçı Ermənistanın yaratdığı status-kvoya göz yumub. Bu da Ermənistanı daha da cəsarətləndirib”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT-ə növbəti dərs keçdi: “Ermənistan tərəfi sülhə maneçilik törədir. Üstəlik də, bəzi iştirakçı dövlətlərin ona havadarlıq etməsi prosesi arzuedilməz istiqamətə yönləndirir, yaranmış fürsətlər əldən çıxır. Təşkilat beynəlxalq qanunları, norma və prinsipləri əsas götürərək məsələyə yanaşsa sülhü yaxınlaşdırmış olar. Bütün iştirakçı dövlətlər tərəfindən ikili standartlara yol vermədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi Ermənistanı sülhə məcbur edər. Əks halda ötən zamanlarda olduğu kimi Azərbaycan təkbaşına Ermənistanı sülhə məcbur etməli olacaq. ATƏT və digər beynəlxalq təşkilatlar dişsiz bəyanatlara, quru münasibətlərə son qoymalı, əməli işə keçməlidirlər. 2023-cü il Azərbaycanın öz ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi ilə yadda qaldı. Lokal antiterror tədbirləri isə Ermənistan ordusunun 10 mindən artıq hissəsini tərksilah etməklə bitdi. Azərbaycan əraziləri separatçılardan tamamilə təmizləndi. Ermənistanın şifahi bəyanatları bu ölkənin revanşa hazırlaşdığından xəbər verir. Kapitulyasiya aktına imza atmış Ermənistan bütün öhdəlikləri pozub, daha doğrusu Üçtərəfli Bəyanatın əsas maddələrini yerinə yetirməyib. Əgər ATƏT həqiqətən Avropada təhlükəsizlik və əməkdaşlığa can atırsa bütün ölkələrə münasibətində səmimi, həm də ikili standartlardan uzaq olmalıdır”.