“Azərbaycan əsas hədəflərinə çatıb, qayıdış proqramını uğurla yerinə yetirir”Deputat

“Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış massivində məskunlaşmış məcburi köçkünlərin geriyə – öz yurdlarına dönüşü barədə demək olar ki, hər gün xəbərlər eşidirik. Bu günə qədər işğaldan azad edilmiş ərazilərimizdə 5 mindən artıq vətəndaşımız məskunlaşıb. Dövlətimizin başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqət və qayğısı nəticəsində artıq keçmiş məcburi köçkün sayılan soydaşlarımızın tam təhlükəsiz, həm də müasir standartlara cavab verən evlərə köçürülməsi işi intensiv şəkildə həyata keçirilir. İnsanlar öz yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Bu gün Füzulidə, Laçında, rayonun Zabux kəndində, Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində minlərlə vətəndaşımız həyatını yenidən qurur, gələcəyə böyük ümidlərlə baxırlar”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.


Deputat bildirib ki, azad olunan ərazilərə ümumilikdə 1000 ailə qayıdıb: “Bu ilin sonunadək daha 300 ailə azad olunan ərazilərə köçürüləcək. Bununla da Qarabağ və Şərqi Zəngəzura köçürülən insanların sayı 6500 nəfərə çatacaq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Böyük Qayıdış proqramının həyata keçirilməsi ölkənin daha sürətli inkişafına təkan verəcək. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədi ilə bu ilin dövlət büdcəsindən 4,3 milyard manat vəsait ayrılıb. Artıq bir çox iri infrastruktur layihəsi həyata keçirilib. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının məcburi köçkünlərin yurdlarına qayıtmasında çox mühüm əhəmiyyəti var. Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Verilən məlumata görə, bu işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsinə nail olunacaq. Qətiyyətlə demək olar ki, Azərbaycan qarşısına qoyduğu əsas hədəflərə çatıb, qayıdış proqramını uğurla yerinə yetirir”.