Azərbaycan beynəlxalq aləmdə dostluq və əməkdaşlıq tərəfdaşdır

Qlobal iqlim dəyişikliyinə və sülhə töhfə – COP29 Bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı ölkəmizdə müvafiq hazırlıq işləri görülür. Bu, öz əhəmiyyətinə və miqyasına görə dünyada ən mötəbər və böyük tədbirlərdən biridir. COP iştirakçılarının sayı 100 minə yaxın olur. Bu platforma çərçivəsində qlobal önəm daşıyan məsələlər, eyni zamanda müasir çağırışlar geniş müzakirə olunur.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

COP qlobal istiləşməni mümkün qədər 1,5°C-yə yaxın səviyyədə saxlamaqla bağlı Paris Sazişindən irəli gələn əsas məqsədə nail olmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir.

COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər. Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəsi nəzərə alınarsa, əminliklə demək olar ki, bu tədbir də yüksək səviyyədə təşkil olunacaq, ən əsası isə nəticələri olacaq.

Azərbaycan son illər iqlim dəyişiklikləri ilə bağlı mühüm işlər görür və “yaşıl keçid”lə bağlı gündəliyini inkişaf etdirir. Belə ki, 2027-ci ilin sonuna qədər ölkəmizdə 9 günəş və külək elektrik stansiyası istismara veriləcək, onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Hazırda Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal iş aparır. Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaqdır.

Prezident İlham Əliyevin ötən ay Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı dediyi kimi, Azərbaycanın yaşıl gündəliyi hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb: “Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Bir sözlə, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Biz olduqca münbit sərmayə mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir”.

Təbii ki, COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Bütün bu məqamlar nəzərə alınaraq, Təşkilat Komitəsinin tərkibi bir qədər də genişləndirildi. Azərbaycan müsbət nəticələrə nail olmaq üçün bütün imkanlarını səfərbər edib.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən, yaxşı nəticələrə nail olmalıyıq.

COP29-un əsas mövzusu maliyyə məsələsi olacaq. Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitqi zamanı çox haqlı olaraq bildirdi ki, iqlim dəyişmələri ilə bağlı məsələdə bizə maliyyə vəsaiti lazımdır, lakin bizə eyni zamanda həmrəylik və qarşılıqlı etimad lazımdır: “Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək”.

Burada diqqət eyni zamanda Azərbaycanın COP29-da sədrliyinin sülh prosesindən qaynaqlanmasına yönəlir. Dövlət başçısı ADA Universitetində keçirilən beynəlxalq forumda bəyan etdiyi kimi, COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaq.

Bir neçə gün əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında qeyd edilib ki, COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir.

Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi əslində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və xüsusi çəkisinin bir göstəricisidir: “Çünki bu tədbirə ev sahibliyi etmək üçün Azərbaycan dünya ölkələrinin hər birinin müsbət rəyini almalı idi. Bu prosesdə bizə mane ola biləcək tərəf Ermənistan ola bilərdi. Ancaq o da prosesdən kənarda dayandı. Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində Ermənistan da Azərbaycanın bu tədbiri keçirməsinə etiraz etmədi və bu ilin noyabr ayında dünyanın ən böyük tədbirinə Azərbaycan ev sahibliyi edəcək”.

Deputat əlavə edib ki, bu işə ev sahibliyi etmək üçün Azərbaycanın iqtisadi gücü var, Azərbaycanın infrastruktur potensialı və beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür: “Noyabr ayında 80 mindən çox adam iki həftə ərzində Azərbaycanın paytaxtında olacaq. Dünyanın əksər dövlətlərinin rəhbərləri, prezidentləri, baş nazirləri ölkəmizə təşrif buyuracaq və sözün həqiqi mənasında dünyanın ürəyi Azərbaycan paytaxtında döyünəcək.

Nəzərə alsaq ki, bu tədbir BMT-nin iqlim dəyişiklikləri ilə bağlı bir tədbir idi. Adətən ənənəvi enerji potensialına malik olan dövlətlərin belə tədbir keçirməsinə qısqanclıqla yanaşırlar. Ancaq Azərbaycanı bu prosesdə bütün dövlətlər dəstəklədi. Bunun əsas səbəblərindən biri də onunla bağlıdır ki, bəli, Azərbaycan zəngin neft və qaz potensialına malik olsa da belə, qeyri-ənənəvi enerji sahəsində də bizim çox mühüm imkanlarımız var. Azərbaycanın çox böyük külək, günəş və hidrogen potensialı mövcuddur. Artıq Azərbaycan Avropa ölkələrinə qeyri-ənənəvi enerji mənbələrinin ixracı ilə bağlı ilkin addımlar atmağa başlayıb. Bu sahədə bu proses başlanıb. Həm də çox mühüm müqavilələr imzalanıb və bütün bunları nəzərə aldıqda görmək olur ki, Azərbaycan həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinə malikdir və ölkəmiz bu tədbiri keçirməklə bütün dünyaya belə bir ismarıc verir ki, bəli, biz iqlim dəyişiklikləri problemlərinə çox ciddi yanaşırıq və bu prosesə öz töhfəmizi vermək istəyirik. Sağlam dünya görmək istəyirik və Azərbaycan da bütün imkanlarını səfərbər edib COP29 tədbiri çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı mühüm qərarların qəbuluna nail olmağı hədəf seçib.

Hesab edirəm ki, bu tədbir çərçivəsində bir sıra mühüm siyasi və hərbi problemlərin müzakirəsi üçün də imkanlar açıla bilər. Nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna prezidenti tədbirə dəvət alıb. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, noyabr ayına qədər biz Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox böyük ümidlər bəsləyirik və bütün bunların reallaşacağı təqdirdə istisna deyildir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu tədbirə qatıla bilsin. Yəni zaman hər şeyi göstərəcək. Əsas odur ki, Azərbaycan bu günləri dünyanı narahat edən ən mürəkkəb, ən qəliz problemlərin həlli yollarının tapıldığı bir məkana çevrilib”.