“Azərbaycan Beynəlxalq Bank” bağlanır?- Maliyyə hesabatında azalmalar müşahidə edilib

“Azərbaycan Beynəlxalq Bankı”nın maliyyə hesabatında ciddi azalmalar müşahidə edilib. Dövlət bankı bu ilin birinci rübünə yaxşı nəticələrlə başlaya bilməyib.

 

XALQ.AZxəbər verir ki, dövlət bankının aktivləri ötən ilin sonu ilə müqayisədə 2 milyard 474 milyon 549 min manat və ya 17.6 faiz azalaraq 11 milyard 564 milyon manata düşüb.

 

Azalmanın səbəbləri isə bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcminin 954 milyon 462 min manat azalaraq 2 milyard 979 milyon 454 min manata enməsidir. Bundan başqa ticarət və investisiya qiymətli kağızları 622 milyon 226 min manat azalaraq 2 milyard 417 milyon 990 min manata düşüb. Bu da 19.2 faiz azalma deməkdir.

 

Dövlət bankının banklar və digər maliyyə institutlarındakı depozitləri 845 milyon 634 min manat və ya 26.1 faiz azalaraq 2 milyard 394 milyon 235 min manata enib.

 

“Azərbaycan Beynəlxalq Bankı”nın fiziki və hüquqi şəxslərdən topladığı depozitlərdə də ciddi azalma müşahidə olunub. Müştərilərinin vəsaitini itirən dövlət bankının buna görə cəmi öhdəlikləri də azalıb.

 

Bankın fiziki şəxslərə verdiyi kreditlər 24 milyon 811 min manat azalaraq 1 milyard 882 milyon 267 min manata düşüb. Bundan sonra bankın hüquqi şəxslərdən topladığı depozitlərin həcmində də azalmalar olub. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın hüquqi şəxslərdən topladığı depozitlərin həcmi 1 milyard 860 milyon 490 min manat və ya 21.3 faiz azalaraq 6 milyard 854 milyon 782 min manata düşüb. Nəticədə bankın depozit portfeli 8 milyard 737 milyon 50 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 1 milyard 885 milyon 301 min manat və ya 17.7 faiz azdır. Buna görə də bankın cəmi öhdəlikləri 2 milyard 554 milyon 832 min manat və ya 20.6 faiz azalaraq 9 milyard 851 milyon 133 min manata düşüb.