“Azərbaycanın beynəlxalq səviyyədə əldə edilən bütün uğurları yeni çağırışlara cavab verir” Məzahir Əfəndiyev

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir. Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafı, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən əməli işlər görülmüşdür.

Bunu XALQ.AZ-a aşıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşmışdır. Davamlı olaraq əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarından biri də Dünya Bankıdır (DB).
1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır. İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən DB klassik mənada heç də bank deyil, daha doğrusu, BMT-nin ixtisaslaşmış qurumlarından biridir və hal-hazırda 184 üzvü olan bu qurumun əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsi və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Azərbaycanın DB ilə əməkdaşlığa başladığı 28 illik dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfə böyümüş, yoxsulluq səviyyəsi minimuma endirilmiş, insanların sosial rifahı yaxşılaşdırılmışdır. Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlara, habelə bu islahatların kontekstində iqtisadiyyatın ağardılması, iqtisadi hədəflərin daha düzgün müəyyən olunmasına DB ilə əməkdaşlıq xüsusi şərait yaratmışdır.
Ümumiyyətlə, 1992-ci ildən hökumətin DB ilə bir çox müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılmışdır. DB-nın bu günədək Azərbaycan üzrə kreditlərinin əksəriyyəti nəqliyyat, su, məhkəmə, dövlət idarəçiliyi və hüquq sahəsinin davamlı inkişafı istiqamətində sərf olunmuşdur.
Hal-hazırda Azərbaycanda DB ilə birgə icra edilən “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi isə əhalinin sosial rifahının yüksəlməsi məqsədilə qeyri-formal məşğulluğa, həmçinin “kölgə iqtisadiyyatına” böyük zərbə vuraraq əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi istiqamətində mühüm rol oynamaqdadır.
Təsadüfi deyil ki, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business 2019” hesabatında Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi.
Xatırladım ki, cari ilin Doing Business hesabatındakı məlumatların emal edilməsi zamanı aşkarlanmış uyğunsuzluqların araşdırılması və düzəldilməsi üçün DB-nın Daxili Audit strukturları tərəfindən müstəqil diaqnostika aparılmış, bir sıra ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.
Belə ki, yuxarıda vurğuladığım araşdırmalar nəticəsində ölkəmizdə “elektrik təchizatı şəbəkələrinə qoşulma”, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə aparılmış islahatların daha az balla qiymətləndirildiyi müəyyən edilmişdir və müvafiq düzəlişlərdən sonra Azərbaycan 191 ölkə arasında mövqeyini altı pillə yaxşılaşdıraraq 28-ə yüksəlmiş, DB tərəfindən bu il də “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdir.
Bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir.