Azərbaycan bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və dinamik inkişafın təminatçısıdır

“Qarabağ münaqişəsinin həllindən sonra Cənubi Qafqaz bölgəsində tamamilə fərqli bir vəziyyət yarandığından bölgəyə yeni baxışın ortaya qoyulmasını zəruri edir. Münaqişənin həlli bölgədə yeni əməkdaşlıq imkanlarını şərtləndirir və bu imkanlar ilk növbədə bölgə ölkələrinin birmənalı şəkildə maraqlarına xidmət edir”.

Bnu açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkili bildirib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında   qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi möhtəşəm qələbə nəinki bölgə ölkələrinin, o cümlədən qonşu bölgələrinin  iqtisadi, xüsusən də nəqliyyat, tranzit yükdaşıma sahəsində əməkdaşlıq üçün çox yaxşı fürsətlər yaranıb

“Bu gün Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqaz Şimal-Cənub, Şərq-Qərb, Qərb-Cənub istiqamətində nəqliyyat dəhlizinə və qovşağına çevrilib. Qarabağ münaqişəsinin həlli isə ilk növbədə region ölkələrinin bu sahədəki əməkdaşlığının daha da dərinləşdirilməsi və şaxələndirilməsi üçün yeni imkanlar yaradıb. Cənab Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda dediyi kimi Azərbaycan və Zəngəzurdan keçməklə qərblə şərqi, cənubla şimalı birləşdirəcək nəqliyyat dəhlizləri nəticə etibarı ilə bölgə ölkələrinin daha sıx iqtisadi əlaqələrinin yaranmasına və inteqrasiyasına gətirib çıxarcaq. Azərbaycan  qarşıdakı iki il ərzində Zəngəzura qədər olan dəmiryolunu istifadəyə vermək niyyətindədir. Azərbaycan bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və dinamik inkişafın təmin olunması məqsədi ilə hər zaman olduğu kimi  indi də  bu  prosesdə aktiv iştirak edib, təşəbbüskar rolunda  çıxış etməkdədir. Bu bir daha Azərbaycanın dünyaya  nə qədər sülhsevər bir ölkə olduğu mahiyyətini ortaya qoyur. Azərbaycan  bölgədə  davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda bu məsələdə öz əməli töhfəsini verib və verməkdədir. Azərbaycan artıq bu istiqamətdə real addımlar atıb və bölgənin yeni əməkdaşlıq formatının yaradılması məqsədi ilə infrastruktur layihələrinin icrasına  belə başlayıb.

Hesab edirəm ki,  Ermənistan tərəfi də konstruktiv mövqe nümayiş etdirib prosesdə aktiv iştirak edərsə, bundan ilk növbədə qazanan özləri olacaq. Çünki bu yolun açılması ilə Ermənistan bir başa  Rusiya, İran, Türkiyə ilə birbaşa dəmiryoluna qoşulmaq və bundan faydalanmaqla  üzləşdiyi dərin iqtisadi böhrandan çıxış imkanlar əldə etmiş olacaq. Bununla da üzləşdiyi nəqliyyat izolyasiyasından xilas olmuş olacaq. Ona görə də hesab edirəm ki, ilk növbədə Ermənistan konstruktiv mövqe sərgiləməklə onun üçün yaranmış bu fürsətlərdən  maksimum faydalanmalıdır. Çünki cənab Prezident konfransda çıxışında  bildirib ki, əgər bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Buna baxmayaraq, Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. Beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq. Ölkə başçısı onu da qeyd edib ki, bu layihənin reallaşması eyni zamanda Türkiyə üzərindən Avropaya əlavə dəhliz ola bilər. Təbii ki, bundan  hər kəs faydalanacaq. Odur ki, Qarabağ münaqişəsinin həlli regionda davamlı sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması  baxımından  böyük imkanlar yaradır  və bu bütün region ölkələrinin maraqlarına xidmət etdiyindən, onlar bu imkanlardan faydalanmalıdır. Bu hamının xeyrinə olar”.