“Azərbaycan bölgədə gündəm yaradan dövlətdir”-Deputat

“Hansısa əyalət mollasının, generalın fikirləri Azərbaycanda gündəm yaratmamalıdır. Biz özümüz bölgədə gündəm yaradan dövlətik”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan nümayiş etdirdi ki, qələbəni qazandığı kimi, zəfərimizin  nəticələrini qorumağı da bacardı. Biz işğala təcavüzə son qoymaqla bölgə xalqları üçün ümid yerinə çevrildik, terror meyllərindən və separatizmdən əziyyət çəkən dövlətlər üçün presedent ünvanı hesab olunmağa başladıq. Ona görə də biz gücümüzün fərqinə varmalı, hansısa əyalət mollası , yaxud səlahiyyət həddini bilməyən hansısa general bizim üçün gündəm yaratmamalıdır. Biz özümüz regionun gündəmini yaradan gücük.


Əsas diqqətin sülhün sabitliyin etibarlı təminatçısı olan şanlı ordumuzun peşəkarlığının artırılmasına, qardaş dövlətlərlə birgə hərbi təlimlərlə dünyaya sülh mesajlarının bəyan olunmasına yönəltməliyik. Necə ki, Pakistan, Türkiyə və Azərbaycan birgə “Üç qardaş” hərbi təlimi ilə müsbət mənada səs yaratdı, necə ki, Azərbaycan hərbçiləri Türkiyədən dünyaya sülh mesajı verdi, eləcə də biz də qardaş Pakistanla birgə Pakistanın ərazisindən hərbi təlimlərimizlə sülh və sabitlitin pozulmaz olduğu mesajını verməliyik. Eləcə də dost Səudiyyə Ərəbistanla İran körfəzindən sülhə sabitliyə birgə dəstəyimizi ifadə etməliyik.
Bu bölgə artıq münaqişələrdən bezib, indi Azərbaycan münaqişəyə son qoynmaqla, işğal və təcavüz faktorunu aradan qaldırmaqla region üçün mükəmməl bir imkan yaradıb, artıq bu imkandan faydalanmağın zamanıdır deyə millət vəkili bildirib.