Azərbaycan cəmiyyətində tolerantlıq,qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıqlıq münasibətlərinə dəyər verilir

“Altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrdə bir daha diqqət çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyətinin əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlamasına yönəldi. Açılış mərasimində Prezident İlham Əliyev də bəyan etdi ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub, ölkəmizdə yaşayan insanların, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. İlk forumlarda da dövlət başçımız bəyan edirdi ki, biz istəyirik, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsun, bütün problemləri açıq şəkildə müzakirə etsinlər”.

Bunu açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

 

Onun sözlərinə görə, Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib: “Təbii ki, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.

Yəni Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Ev sahibi kimi Azərbaycan hesab edir ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür”.

“”Sülh və qlobal təhlükəsizlik naminə dialoq” devizi altında keçirilən 6-cı forumda da mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edən yeni ideyalar, təkliflər səslənir, mövcud problemlərin həlli yolları axtarıdı. Tədbirdə 110 ölkənin təmsil olunması da göstərir ki, forum çox mühüm beynəlxalq platformadır. Bu dəfə də ziyalılar, siyasətçilər, media və vətəndaş cəmiyyətinin nümayəndələri daha təhlükəsiz dünya naminə məhz Bakida bir araya gəldilər. Açılış mərasimində Prezident İlham Əliyevin də söylədiyi kimi, 2019-cu ildə Bakıda keçirlən 5-ci forumdan sonra dünya təhlükəsiz olmayıb. Biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını görürük. Belə mürəkkəb vəziyyətdə ən vacib məsələlərdən biri mədəniyyətlərarası dialoqu təşviq etməkdir. 2008-ci ildə əsası qoyulan “Bakı prosesi” də bu məqsədə xidmət edir. Ümumiyyətlə, “Bakı prosesi”nin əsas məqsədi siyasi, mədəni və dini sahədə müxtəlif faktorlar arasında əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Bu illər ərzində “Bakı prosesi” həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platformaya çevrilib. Bu, dünyanın nüfuzlu beynəlxalq qurumlarını tərəfdaş kimi cəlb edən yeganə platformadır”,- deyə o əlavə edib.

Deputat bildirib ki, budəfəki forumda müzakirə olunan məsələlərdən biri də çoxtərəflilikdir: “Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Rəsmi Bakı çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq edib.

Aparılan müzakirələr, səslənən təklif və ideyalar da təsdiqləyir ki, dialoq sülhə aparan yoldur. Məhz “Bakı prosesi” də bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürməyi təklif edir.

Forumun gündəliyi onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci ildən keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq platformasına çevrilib. Forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri isə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu platforma vasitəsi ilə həm də işğaldan azad olunmuş ərazilərdəki real vəziyyəti beynəlxalq ictimaiyyətə təqdim edir”.