“Azərbaycan-Çin əlaqələrinin möhkəm təməli məhz Ulu Öndər tərəfindən qoyulub” – Deputat

“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində ölkəmizin Çin ictimaiyyətinə daha yaxından tanıtdırılması baxımından bir çox önəmli məqamlar yer alıb. Kifayət qədər fərqli mövzuları geniş şəkildə əhatə edən bu müsahibədə milli-mənəvi dəyərlər, iqtisadi inkişaf, siyasi prioritetlər, Cənubi Qafqazda gedən proseslər, yeni dünya düzəninin formalaşması prosesi fonunda beynəlxalq hüququn tətbiqində yaranmış boşluqlar və əlbəttə ki, Azərbaycan-Çin münasibətlərinin bugünkü vəziyyəti və inkişaf perspektivləri kimi məsələlərə daha çox yer ayrılıb. “China Media Group” media korporasiyasının müxbirinin suallarını cavablandıran dövlət başçımız bu gün Azərbaycanda rəhbər tutulan daxili və xarici siyasət prioritetlərinin müstəqil dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edildiyini bir daha vurğuladı. Qeyd olundu ki, Ümummilli Lider 1990-cı illərin əvvəllərində ölkəmizdə artıq başlamış vətəndaş müharibəsinin qarşısını almaqla respublikada hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyduqdan sonra məhz bu prioritetlərlə Azərbaycanı inkişaf yoluna yönləndirməyə müvəffəq oldu. Son 30 il ərzində də dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı məsələləri dövlətin qarşısında duran əsas vəzifələr kimi dəyişməz olaraq qalıb.”

Bu sözləri   Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Həmçinin deputat Çin kimi qlobal güc olan bir dövlətlə dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin ölkəmiz üçün önəmli faktor olduğunu vurğulayıb: “Azərbaycan-Çin münasibətlərindən danışarkən əlbəttə ki, ilk növbədə qeyd etmək lazımdır ki, bu əlaqələrin möhkəm təməli də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Ümummilli Lider Heydər Əliyevin Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri ölkələrimiz arasında əməkdaşlığın çərçivəsini yaratdı. Təbii ki, bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Lakin münasibətlərdə gözlənilən təməl prinsipləri dəyişməz olaraq qalır. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Azərbaycan Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Bu gün Çin və Azərbaycanın bir çox siyasi və iqtisadi məsələlərə yanaşmaları eynidir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasət mövcuddur, qarşılıqlı ticarətin həcmi getdikcə artır və ən əsası bütün istiqamətlərdə daha dinamik inkişaf üçün böyük potensial var. Xüsusilə ölkələrimizi gələcəkdə daha da yaxınlaşdıracaq yeni nəqliyyat marşrutları regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Cənab Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərinin səmimiliyini və etibarlılığını vurğulayaraq bu məqamı da qeyd etdi ki, COVID-19 pandemiyasının başlanğıc mərhələsində Azərbaycan peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdiyi zaman ölkəmizə yardım edən yeganə dövlət də məhz Çin olmuşdu.”

Daha sonra N.Aslanov Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması istiqamətində görülən işlərə və bu prosesə bəzi ölkələr tərəfindən əngəl törətmək cəhdlərinə dair Prezident İlham Əliyevin verdiyi açıqlamaların əhəmiyyətini qeyd edərək bunları deyib: “Azərbaycan 2020-ci ildə apardığı ədalətli Vətən müharibəsini tarixi Zəfərlə başa vuraraq özünün ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir. Bununla belə, sülhsevər ölkə olaraq Azərbaycan bu gün Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində daha çox səy göstərir. Bu da ondan irəli gəlir ki, Azərbaycan dövləti sülhün, sabitliyin, tərəqqinin tərəfdarıdır. Təəssüflər olsun ki, bu gün hələ də istər Ermənistanın özündə, istərsə də xaricdə
kifayət qədər qüvvələr var ki, onlar Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlı deyillər. O cümlədən, dövlət başçımızın dediyi kimi, hazırda Ermənistanın ən böyük vəkilinə çevrilmiş Fransa hökuməti ölkəmizə qarşı mənasız və əsassız hücumları ilə, hər cür siyasi etikadan kənara çıxan siyasi bəyanatlarla Azərbaycanın mövqelərini zəiflətməyə, nüfuzuna xələl gətirməyə çalışır. Əlbəttə ki, bütün bu səylər tamamilə əbəsdir və heç bir nəticə verə bilməz. Çünki öz əlləri yüz illər ərzində çirkin müstəmləkəçilik siyasətinin milyonlarla qurbanlarının qanına dirsəyəcən bulaşmış, hətta bu günün özündə belə sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən ölkələrin taleyini həll etməyə, onların xalqlarını əsarətdə saxlamağa təkidlə davam edən bir dövlətin əsla demokratik dəyərlərdən danışmağa haqqı yoxdur. Azərbaycan isə, bunun tam əksi olaraq hər zaman ədalətin, beynəlxalq hüququn tərəfində olub. Bu, torpaqlarımızn 30 illik işğalı dövründə də belə olub, müharibə dövründə də belə idi, indi də belədir. Həmçinin Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ölkəmizin irəlisürdüyü beş əsas təməl prinsipi də məhz beynəlxalq hüquq normalarına əsaslanıb. Cənab Prezident İlham Əliyevin dediyi kimi, sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar və ümumi rifah yüksəlişinə yeni başlanğıc verər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.