Azərbaycan diplomatiyasının növbəti uğuru!

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır.Azərbaycanın əsaslandırılmış və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mövqeyi, habelə TŞ-nin daimi və müvəqqəti üzvlərinin problemə ədalətli yanaşması göstərdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə haqlıdır və onun nəticələrinin geriyə dönüşü yoxdur.
Azərbaycanın  bu diplomatik qələbəsi tək Ermənistan və separatçıların deyil, onları dəstəkləyən, ölkəmizə və xalqımıza qarşı qərəzli mövqedə duran bəzi dövlətlərin də iflasıdır. Onlar da təcavüzkar Ermənistanla birlikdə hərəkət edərək 30 il haqsızlığa göz yummuşlar.
Həmin dövlətlər sözdə münaqişənin həlli üçün bəzi ədalətli qərarlar qəbul etməklə, əməldə təcavüzkarın yanında yer aldılar. Bunun ən bariz nümunəsi, Ermənistanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamənin (822, 853, 874 və 884) qəbul olunması və bu qətnamələrdə ermənilərin təcavüzkar siyasətinin pislənməsi və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının birmənalı şəkildə tələb olunmasıdır. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan öz havadarlarına arxalanaraq işğalçı siyasətini daha da genişləndirmək məqsədilə 2020-ci ilin sentyabrın 27-də yenidən Azərbaycan üzərinə hücuma keçdi. Şanlı Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına başladı. Bununla da Azərbaycan BMT-nin müvafiq qətnamələrini təkbaşına icra etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərimizi erməni işğalından azad etməklə bərabər, beynəlxalq ədaləti bərpa etmiş oldu.
Onu da qeyd etməliyik ki, sözügedən iclasda bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirərək işğalçı Ermənistanı dəstəkləməsi Azərbaycanı problemi hüquqi müstəvidə həll etmək iradəsindən döndərməyib.
Lakin beynəlxalq ictimaiyyət anlamalıdı ki, Azərbaycan 90-cı illərdəki böhran içərisindəki dövlət deyil. Bu gün Azərbaycanda güclü siyasi iradə, daxili sabitlik, davamlı inkişaf mövcuddur. Azərbaycanın tarixən olmadığı qədər inkişaf etmiş iqtisadiyyatı, nizami ordusu, güclü tərəfdaşları və ölkəmizin bütün çətinlikləri aşaraq modern dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün əzm və iradə nümayiş etdirən LİDERİ var.
Tamam Cəfərova 
Milli Məclisin deputatı