Azərbaycan dostluq münasibətlərə önəm verir

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir çox beynəlxalq və regional layihələr icra olunmaqdadır”.

Bunu açıqlamasında deputat Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır: “Hətta Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Eyni zamanda qonşuluq münasibətləri var. Dövlətlərimiz, xalqlarımız arasında da xoş münasibətlər həmişə olub və bu gün də münasibətlər inkişaf etdirilir. Xüsusilə də, biz iqtisadi əlaqələri göz önünə gətirsək, əminliklə deyə bilərik ki, hər üç dövlət arasında münasibətlərin inkişaf etdirilməsi, bir çox məsələlərdə artıq uzun illərdir əldə edilmiş razılıqlar nəticə etibarilə iqtisadi inkişafın sürətlənməsinə və xalqların rifahının yaxşılaşdırılmasına xidmət edir.

Eyni zamanda son dövrlərdə orta dəhlizin böyük maraq kəsb etməsi, Azərbaycanın da Türkiyə, Gürcüstanla birlikdə bu layihənin icrasını daha da gücləndirmək və yük daşımaların həcminin artırılmasına meyllənməsi bugünkü görüşdə mütləq müzakirə edilib. Regional təhlükəsizlik məsələləri də əsas müzakirə obyektlərindən biridir. Bu baxımdan da Azərbaycan, Gürcüstan və Türkiyə münasibətlərini daha da inkişaf etdirmək, əldə olunmuş razılıqların daha da işlək hala gətirilməsi, bir çox yerli və beynəlxalq layihələrin icrasının daha da rahatlaşması üçün bu cür görüşlər çox zəruridir. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında sülhün imzalanması ilə əlaqədar Gürcüstan və Türkiyənin də Azərbaycan mövqeyini dəstəkləməsi və sülhün baş tutmasına onların da töhfə vermək istəklərinin olması çox yaxşı haldır. Mən düşünürəm ki, bu görüşün Azərbaycanda keçirilməsi maraqlı və çox uğurlu nəticələrlə yekunlaşacaq. Gələcəkdə də bu formatda görüşlər mütləq davam etdiriləcəkdir”.