Azərbaycan dostluq münasibətlərinə önəm verir

“Hindistandan Ermənistana strateji hava yolunun açılmasının elan olunması və bununla bağlı iki ölkə arasında bir müddət gedən danışıqlar onu deməyə əsas verir ki, Hindistan Ermənistanla münasibətlərinin daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır”.

Bu sözləri açıqlamasında deputat Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, ümumiyyətlə, Hindistanın Azərbaycana olan münasibəti hamımıza bəllidir: “Azərbaycan və Pakistan münasibətlərinin əksi olaraq Azərbaycana düşmən mövqedə olan Ermənistana bir növ jest kimi dəyərləndirilir. Əslində Ermənistan və Hindistanı tarixdə və müasir dövrdə heç nə bağlamır. Bu ölkələrin hal-hazırda birləşməsi “düşmənimin dostu düşmənimdir” məsələsi kimi ifadə olunmalıdır. Hal-hazırda Hindistan Ermənistanı silahlandırmaqda təkidli görünür. Bu mənada Fransa ilə də birləşir. Fransa istehsalı olan silahların da Hindistandan ötürülməsi faktları zamanla danışılır. Təbii olaraq onlar bunu humanitar yol kimi qeyd etsələr də, hansı silahların daşınması Azərbaycana konkret bəllidir. Hər halda Hindistan, Ermənistan unutmasın ki, Azərbaycan güclü, qüdrətli dövlətdir, hər şeyi görür və bilir. Burada İranın mövqeyi maraqlıdır. Bu yol İran üzərindəndir. İran hal-hazırda Ermənistanın vektorunu Rusiyadan dəyişərək Qərbə üz döndərməsinə qayğılarını bildirib. Hələlik kəskin reaksiya görmürük”.

“İslam dəyərlərindən, qardaşlıqdan tez-tez danışmağı sevən İran hələ də nəyəsə görə İslam qardaşı olan Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, bütün tarixi, mədəni, dini abidələrini dağıdan bir dövlətlə belə əməkdaşlığı və bu əməkdaşlığın sonunun nələrə gətirib çıxaracağını hər halda yaxşı düşünməlidir. Azərbaycan-İran münasibətlərinin son zamanlar istiləşməsi, artıq xarici işlər nazirlərinin mütəmadi görüşməsi, prezidentlərin telefonla danışması baş verərkən, hətta bu yaxınlarda İran səfirliyinə görə iki ölkə başçıları Xudafərində görüşəcəklər. Bir çox məsələlər həllini tapacaq. Gələcək səfirliyimizin açılması məsələsi də ortadadır. Bütün bunlar İranla ölkəmiz arasında münasibətlərin normal məcraya doğru getməsinə işarədir. Təki belə olsun.

Amma digər məsələ Ermənistanın öz sərhədinin ərazisinə İranın özünü düşmən saydığı Qərb qüvvələrinin, konkret NATO-nun hərbiçilərini, kəşfiyyatçılarını gətirməsi siyasətini konkret mövqeyini bildirməlidir. Hər halda düşünürük ki, İran bu yol planının gerçəkləşməsinə imkan verməməlidir. Çünki bunlardan əlavə ümumiləşdirsək, deyə bilərik ki, ilk növbədə İranın özünə qarşıdır və təhdiddir. Burada Fransa lisenziyalı silahların Hindistanda istehsal olunması və silahların Ermənistana ötürülməsi, Ermənistanın Avropa İttifaqının missiyasının öz ərazisinə buraxması gələcəkdə Qərb dəyərlərinə üz tutması siyasəti konkret İranın bölgədəki maraqlarına ziddir. Hər halda Ermənistandan başqa bütün ölkələr bu bölgədə daimi və dayanıqlı sülhün əldə olunması üçün çalışmalıdır. Hər ölkə istəyər ki, sərhədində sabitlik, stabillik olsun. Düşünürük ki, İran da bunu yaxşı başa düşür. İran özünün qəti, yekun qərarını bildirməlidir. Ermənistanın bu hərəkətinə kəskin reaksiya verərək, hətta konkret addımlarla bunun qarşısını almalıdır. Çünki Azərbaycan Prezidentinin dediyi kimi Azərbaycan və Ermənistan heç vaxt sülhə bu qədər yaxın olmayıb. Bu yaxınlığı yaradan da Azərbaycanın qələbəsi, suverenliyini bərpa etməsidir. Bu qələbə ilə Azərbaycan bütün bölgə dövlətlərini, o cümlədən də İrana da çox böyük töhfə vermiş olur. Bunu qiymətləndirmək, anlamaq və Ermənistanı bu siyasətindən çəkindirməyin vaxtıdır. Burada İran da konkret əməli addımlar atmalıdır” – deyə o əlavə edib.