Azərbaycan dostluq, tərəfdaşlıq münasibətlərə açıqdır

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərməsi Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsindən xəbər verir.

Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

O qeyd edib ki, məktubda ABŞ ilə Azərbaycan arasında iqtisadi-siyasi, mədəni əlaqələrin bundan sonra da inkişaf etdirilməsi ilə bağlı nikbinliyin ifadə olunması, digər tərəfdən Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin aparılması və sülhün əldə edilməsi ilə bağlı ABŞ-nin bundan sonra da mövqeyinə sadiq qalması və hər iki tərəfin maraqlarını ifadə edən sülh müqaviləsinin imzalandığı təqdirdə, ABŞ tərəfindən bunun alqışlanmasının məktubda ifadə olunması ABŞ-nin Azərbaycanla münasibətləri inkişaf etmək istəyi kimi qiymətləndirilməlidir.

“Təbii ki, Azərbaycanla ABŞ və Avropa ölkələri arasında münasibətlərin gərginləşməsi istiqamətində Ermənistan və ona havadarlıq edən qüvvələr, eyni zamanda ABŞ-də və Avropada fəaliyyət göstərən erməni lobbisi çox fəal iş aparmaqdadır. Sözsüz ki, bu çirkin işlər indiyə qədər aparılıb və bundan sonra da aparılacaq. Çünki erməni lobbisi və Ermənistana havadarlıq edən qüvvələr həmişə münasibətləri gərginləşdirməyə çalışırlar.

Amma görünən ondan ibarətdir ki, Ermənistana havadarlıq edənlərin, xüsusilə Fransanın mövqeyinə baxmayaraq, Azərbaycanın həm ABŞ-la, həm də bir sıra Avropa ölkələri ilə çox ciddi münasibətləri var və bu münasibətlər həm iqtisadi, həm siyasi, həm mədəni sahələri əhatə edir. Azərbaycan Avropa ölkələri ilə münasibətlərdə göstərdi ki, olduqca ciddi bir tərəfdaşdır.

Çünki uzun müddət Fransa tərəfindən bu münasibətlərin korlanmasına cəhd göstərilsə də, Azərbaycan Aİ münasibətlərində öz maraqlarına uyğun, əvvəlcədən götürülmüş siyasi xəttə sadiqliyini nümayiş etdirdi, iqtisadi, siyasi məsələlərdə, xüsusilə enerji məsələlərində Azərbaycan etibarlı tərəfdaş olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, erməni lobbisi və Ermənistanın havadarlarının cəhdlərinə baxmayaraq, bundan sonrakı dövrdə də, istər ABŞ-Azərbaycan münasibətləri, istərsə də Aİ-Azərbaycan münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və bu inkişaf hər iki tərəfin böyük naliyyətlər əldə etməsinə gətirib çıxaracaq”, – deyə o, əlavə edib.