Azərbaycan dünya dövlətləri arasında yüksək etimada sahibdir

2021-ci ildə BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan,  müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Sülh və ədalət prinsiplərinin təbliği,  suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır və  multilateralizmin həqiqi nümunəsi hesab edilir.

Millət vəkili Tamam Cəfərova 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı ilə əlaqədar açıqlamasında belə deyib.

Fikirlərinin davamı olaraq Tamam Cəfərova qeyd edib ki, Qoşulmama Hərəkatının təməlində tarixi Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşuldu və  qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı.  2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Təsadüfi deyildir ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər və  Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən yüksək qiymətdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışında mühüm məsələlər şərh olunub. Azərbaycanın Hərəkata sədrliyi dövründəki prioritetləri, gələcək fəaliyyətlə bağlı bir sıra təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb. Bütün dünya üçün başlıca təhdid olan pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə yüksək səviyyəli görüşün təşkili ilə bağlı təşəbbüslər irəli sürülüb.

Prezident İlham Əliyevin çıxışında toxunduğu əsas məsələlərdən biri beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmalar, onların tətbiqinin dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərməsilə bağlı idi. Yüksək tribunadan bir daha  dünya birliyinə çatdırıldı ki, Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.

Xüsusi olaraq qeyd edilib ki, hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.

Amma artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

 Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirən Cənab Prezident İlham Əliyev  vurğulayıb ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. “Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.