Azərbaycan dünyanın müasir şəraitinə uyğunlaşdırılıb

“Bu platforma Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da bu günə qədə, uğurla davam etdirilir”

Azərbaycanda 1988-ci ildən başlayan xalq hərəkatı qısa müddətdə dövlət müstəqilliyinin bərpası tələblərini meydana gətirdi və proses milli azadlıq hərəkatına çevrildi. 1990-cı ilin 20 yanvar hadisələri isə Azərbaycan xalqının SSRİ-dən tamamilə üz döndərməsi və milli azadlıq hərəkatının bütün ölkəni bürüməsinə səbəb oldu. Meydanlarda, Ali Sovetdə gedən mübarizə müstəqilliyimizin bərpasını reallaşdırdı. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı. Artıq həmin günlərdən 30 il keçir, Azərbaycan Respublikası müstəqilliyinin bərpasının 30-cu ilini yaşayır.

Aydın Hüseynov

İstər Azərbaycanda milli azadlıq hərəkatı dövründə, istərsə də bu 30 il zaman kəsiyində Azərbaycan xalqını birləşdirən, bütün ağır sınaqlardan üzü ağ çıxaran ideologiya müstəqllik, azərbaycançılıq ideologiyası ətrafında birləşmək olub. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, azərbaycançılıq ideologiyası milli, dini mənsubiyyətindən asılı olmayaraq ermənilərn xaric bütün Azərbaycanda yaşayan millətləri birləşdirib. Bu ideologiya əslində ulu öndər Heydər Əliyevin hələ birinci dəfə Azərbaycana rəhbərlik etdiyi zamanlardan müxtəlif forma və məzmunda mövcud olub: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq. Azərbaycançılıq ölkədə yaşayan bütün etnik qrup və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası kimi Azərbaycanın müstəqilliyə qovuşmasında çox ciddi faktorlardan biri olub. Bu ideologiya 1990-cı illərin ilk illərində geniş yayılmağa başlamış şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizədə də öz sözünü dedi.

Məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya və ideologiya kimi durur.

Azərbaycançılıq ideyasının yeni məzmunda formalaşmasında 90-cı illərdə, dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını bir araya, meydana toplayan ideologiyalardan mühümü məhz azərbaycançılıq idi”. Deputat qeyd etdi ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparılmağa başlandı. Azərbaycançılıq dövlətimizin ideoloji xəttinə çevrildi: “Bu xətt Azərbaycanın bugünkü uğurlarının, qələbələrinin əsasını qoydu. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı. Yalnız Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüldü. 30 il öncə bərpa edilən dövlət müstəqilliyimizin möhkəmlənməsində, bugünkü qüdrətli Azərbaycanın qurulmasında azərbaycançılıq ideologiyasının dövlət ideologiyasına çevrilməsinin çox əhəmiyyətli rolu var.

Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri zənginləşdirmək, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”.

A.Hüseynov vurğuladı ki, Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar: “Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın-bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi. Bu platforma Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da bu günə qədə, uğurla davam etdirilir və Azərbaycan xalqını birləşdirən, dövlətimizi gücləndirən ideologiya olaraq qalır. Bundan sonra daha neçə-neçə 30 illər məhz bu ideologiya Azərbaycana xidmət edəcək”.