Azərbaycan elmini nura qərq edən Ziya

Ziya Bunyadov

Akademik Ziya Bünyadov 1997-ci ilin məhz bu günündə, axşam saat 18.10-da yaşadığı binanın blokunda dörd bıçaq və iki güllə ilə qətlə yetirilir.

17 il sonra, onun qətlə yetirildiyi yerdə, düz mənzilinin qarşısında dayananda Ziya Bünyadovun niyə öldürüldüyünü yox, həyat yoldaşının bu illər ərzində bu mənzildə necə yaşaya biləcəyini düşünürdüm. Təsəvvür edin, hər gün qapını açıb həyat yoldaşının qanını töküldüyü bu bloka çıxırsan, silirsən-süpürürsən, amma tarixi, baş verənləri, türklər demiş bir turlü süpürüb ata bilmirsən. Tahirə xanım, Ziya Bünyadovun bizə yadigar saxladığı bu xanım-xatın anadan eşitdiyim cavab əslində gözlədiyim cavab idi.

Onun ölüm xəbəri ölkəni necə çaxnaşdırmışdı, bu günkü kimi gözümün qarşısındadır. Onda mən cəmi iki ildir ki, jurnalistikaya gəlmişdim. Akademik Ziya Bunyadovun böyük elmdən böyük siyasətə qədər gəldiyi yol isə min kilometrlərlə ölçülə bilərdi.

Yadımdadır onun parlamentdəki odlu alovlu çıxışları… Replikaları.. Hər çıxışı qəzetlərin manşetinə çevrilirdi. Biz onun timsalında Azərbaycanın böyuk akademikini, böyük ziyalısını qazanırdıqsa, o özünə həm də düşmən qazanırdı.

Akademik, Ziya Bünyadov: “Xainə və cəllada güllə sərf eləmirlər. Asırlar. Burda da asmaq lazımdır bir- ikisini. Mən demişəm də, paraşüt qülləsi boşdur. Bir- ikisini as, bir neçə gün yellənsin. Onda hamısı düzələr”

Bu onun xarakteri idi. Düzlük tərəfdarıydı. Düzlük isə…

Düz 4 il davam edən məhkəmə və istintaq prosesindən sonra onun qətlinin altından Hizbullah çıxır. İki nəfər ömürlük, daha 5 nəfər isə 10-14 il arası cəzaya məhkum edilir. Qətlin əsas icraçısı kimi təqdim olunan Qalib Babayev isə Azərbaycan-İran sərhədində öldürülür. Akademikin “Hizbullah”ın hədəfinə tuş gəlməsinin səbəbinə gəlincə, cinayət işinin materiallarında, həmçinin hökmdə göstərilir ki, Ziya Bünyadov Alban tarixi kitabında yazdığı ön sözdə İslam dinini və Peyğəmbəri təhqir edib. Bu səbəbdən də İran müştəhidləri onun ölümünə fətva veriblər.

Ziya Bünyadovun qəbirüstü abidəsi bir maraqlı məqamı ilə də diqqət çəkir. Baxın, o, ilanın quyruğunu basır. İlan isə düşməndir, deyirlər. Onu da deyirlər ki, düşmənin gərək başını əzəsən. Yoxsa o səni əzəcək. Ziya Bünyadov əzildi. Onun həyatını qaraltdılar. Amma Ziya Bünyadov ziyası Azərbaycan elmini hələ illər sonra da işığa, nura qərq edəcək.