Azərbaycan Ermənistanı reallıqları qəbul etməyə məcbur edib

“Bildiyimiz kimi, Rusiya prezidentinin təşəbbüsü ilə üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqlar noyabrın 26-da Soçidə təşkil ediləcək. Görüşdə əsas müzakirə olunacaq məsələlərdən biri də regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsidir. Düşünürəm ki, Rusiyada baş tutacaq görüşdə ticarət, iqtisadi, nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetiriləcək”.

Bu sözləri açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, təəssüf ki, Ermənistan məsələlərin həllinə birmənalı yanaşmır: “Ermənistan baş naziri görüşlərin Qərbin vasitəçiliyi ilə baş tutmasının tərəfdarıdır. Lakin Azərbaycan üçün bütün tərəflərlə danışıqların vasitəçiliyi qəbul olunan haldır. Cənab Prezident dəfələrlə beynəlxalq təşkilatları, xüsusilə ATƏT-i sülh prosesində yaxından iştirak etməyə dəvət edib, ümumiyyətlə, biz regionda sülhün və qarşılıqlı əməkdaşlığın tərəfindəyik. Təbii ki, bütün hallarda artıq proseslərdə Azərbaycan diktə edən tərəfdir. Dövlətimizin əsas məqsədi sərhədlərin müəyyən edilməsi və təklif olunmuş “3+3″ formatının reallaşmasıdır. Düzdür, regionda Qərbin də, Rusiyanın da öz strateji maraqları mövcuddur. Azərbaycan isə müstəqil siyasət aparan bir ölkə kimi bütün tərəflərlə bərabərhüquqlu müstəvidə danışıqlar aparır”.

Deputat sözlərinə belə davam edib: “Soçi görüşü öncəsi Paşinyanın çıxışları daxili auditoriyaya hesablanıb. Paşinyan məğlub ölkənin başçısı kimi öz nüfuzunu qaldırmaq, hakimiyyətini qorumaq üçün belə populist fikirlər səsləndirir. Lakin reallıq danışıqlar masasında olan mövzulardır. 44 günlük müharibənin nəticəsində əldə olunan qələbəmiz Ermənistan tərəfini bu reallıqları qəbul etməyə məcbur edib”.