Azərbaycan güclü və etibarlı dövlətdir

“Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nda Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olması bir daha təsdiqləndi. Prezident İlham Əliyevin İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı verdiyi mesajlar qlobal miqyasda böyük maraq doğuran məqamlar kimi yadda qaldı”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, forumda  Prezident ilk öncə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair prosesi müsbət hadisə kimi dəyərləndirməklə sülhpərvər və humanist məramını nümayiş etdirib: “Sülhün bütün region ölkələri üçün sabitliyin, rifahın və yeni iqtisadi münasibətlər sisteminin əsasını qoyacağını bəyan edib. Ümumilikdə İqlim Dialoqu çərçivəsində keçirilən görüşlər, səsləndirilən fikirlər sülhün əldə edilməsi üçün münbit şəraitin yaradılması və dünyada geniş əməkdaşlıq palatformasının formalaşması üçün fürsət kimi qiymətləndirilə bilər”.
Deputat bildirdi ki, Prezident İlham Əliyevin Almaniya dövlətinin rəsmiləri, kansler Olaf Şoltsla keçirdiyi görüşlər də siyasi hadisə kimi yadda qaldı və Almaniyanın bölgədə uzunmüddətli və davamlı sülhün təmin olunmasında dəstəyi ifadə olundu. Eyni zamanda Azərbaycanın COP29-a evsahibliyi edən ölkə kimi üzərinə düşən böyük məsuliyyətdən irəli gələrək “yaşıl enerji” sahəsində qətiyyətli addımlar atdığı vurğulandı ki, bu da respublikamızın qitələr arasında “yaşıl körpü”lər saldığını nümayiş etdirdi. Dünya bir daha şahidi oldu ki, Azərbaycan beynəlxalq platformalarda həmişə nümunəvi missiyası ilə seçilib, neft ixrac etdiyi ilk gündən heç bir siyasi məqsəd və məram güdməyib, enerji amilini yalnız dostluq və faydalı əməkdaşlığa yönləndirib.
A.Hüseynov söyləyib ki, dövlət başçımız görüşdə dünyanın əsas gündəliyi olan “yaşıl enerji” imkanları və Azərbaycanın bu prosesdə töhfəverici rolu barədə danışdı: “Qeyd olundu ki, Azərbaycan Avropa üçün “yaşıl enerji” təchizatçısı kimi məsuliyyətinə də çox dəqiqliklə yanaşacaq. Bu isə 1994-cü ildən başlanmış enerji təchizatının daha uzun illər davam edəcəyini və zəngin Azərbaycanın yeni enerji resursları ilə Avropanın əhəmiyyətli tərəfdaşı olmaq statusunu möhkəmləndirəcək”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışından sonra Qərb bir daha anladı ki, Azərbaycan güclü və etibarlı dövlətdir: “Biz hər zaman qarşılıqlı hörmətə və etimada sadiqlik nümyaiş etdirmişik. Məhz bunun nəticəsidir ki, Azərbaycanı dünyada özünə tərəfdaş bilən dövlətlərin sayı heç də az deyil. Avropada ölkələrin enerji təhlükəsizliyinə böyük problemlər yarandığı bir vaxtda Azərbaycanın etibarlı tərəfdaş hesab edilməsi olduqca sevindirici haldır”.