“Azərbaycan həftəsonu məktəbi” fəaliyyət göstərir

92

 

Xarici ölkələrdə daimi məskunlaşan həmvətənlərimiz bir sıra problemlərlə üzləşirlər. Bu ilk növbədə hər hansı xarici dövlətdə ictimai yerlərdə dövlət dilində danışılması ilə bağlıdır. Bu isə o deməkdir ki, həmin ölkələrdə Azərbaycan dilində heç kimlə ünsiyyət qurmaq mümkün olmur. Xaricdə yaşayan azərbaycanlıların digər əsas problemlərdən biri də Azərbaycan dilində məktəblərin olmamasıdır. Bu səbəbdən də azərbaycanlı ailələrin övladları məskunlaşdıqları dövlətlərin dilində fəaliyyət göstərən məktəblərdə təhsil alırlar. Bu da çox vaxt Azərbaycan dilində danışmaq vərdişinin itirilməsi ilə nəticələnir. İstisnalar da var. Valideynlərin bəziləri  mümkün qədər ailədə Azərbaycan dilində danışmağa çalışırlar. Amma məktəblərin olmaması bu problemin həll demək deyil.

Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin müdiri Elşad Miraləm bu problemlə bağlı indiki vəziyyəti belə şərh edib: “Hazırda dünyanın müxtəlif ölkələrində “Azərbaycan həftəsonu məktəbi” fəaliyyət göstərir. Bu məktəblər Rusiya, Ukrayna, Almaniya, Fransa, Türkiyə, İsveç, Böyük Britaniya və digər ölkələrdədir. Həmin məktəblərdə əsasən Azərbaycan dili,  tarix və coğrafiya tədris olunur. Belə məktəblərin olmadığı ölkələrdə yaşayan azərbaycanlı uşaqlar isə bizim “Virtual Həftəsonu məktəbi”nin imkanlarından faydalana bilirlər. Bildiyiniz kimi, komitənin AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə hazırladığı “Virtual Həftəsonu məktəbi” fəaliyyət göstərir. Burada azərbaycanlı uşaqlara və gənclərə ana dili, Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı barədə bütün zəruri informasiyalar verilir”.

Elşad Miraləmin sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların təhsil məsələsi istiqamətində işlər getdikcə genişlənir:
“Bu məqsədlə ötən ildən etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılar üçün “Ana dilinin distant tədrisi mərkəzi” fəaliyyətə başlayıb. Layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan dilini tədris etməkdir. Burada həftənin bütün günləri müxtəlif saatlarda ana dili dərsləri tədris olunur. Hazırda bir neçə qrup mövcuddur. Gələcəkdə layihənin genişləndirilməsi, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi nəzərdə tutulub. Bu layihənin əsas məqsədi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı uşağa öz xalqının tarixini, ana dilini, mədəniyyətini öyrənmək imkanı yaratmaqdır”.Modern.az