“Azərbaycan indiki mərhələdə bu təxribatları ödəmək üçün istənilən qərarı almağa haqlıdır” – Deputat

Əlbəttə, keçid məntəqəsinə hücum etmək bilavasitə təxribat xarakteri daşıyır və Azərbaycana qarşı hansısa prossesləri körükləmək məqsədi güdür. Buradan birmənalı şəkildə Rusiya, Ermənistan  və İran tərəfindən müəyyən məsələlərə şübhəli münasibətlər ortaya çıxır.

Bunu  millət vəkili Fazil Mustafa deyib. Deputat əlavə edib ki, İranla Ermənistanı başa düşmək olar, amma Rusiyanın da bu məsələdə daha aydın bir mövqe sərgiləməsi daha vacibdir və bu mövqeni biz görmürük:

“Çünki burada artıq hansısa bir ikitərəfli yanaşma yoxdur, birmənalı baxış lazımdır. Sülhməramlılar orada qalıbsa, konkret olaraq bölgədə sülhün təminatçısı kimi çıxış edirsə və postda atəş açılır, əsgər yaralanırsa bunun adı başqadır, bu qüvvələrə qarşı ilk reaksiya Rusiya sülhməramlılarından gəlməli idi. Təəssüf ki, biz bunu görmədik. Azərbaycan indiki mərhələdə bu təxribatları ödəmək üçün istənilən qərarı almağa haqlıdır. Biz müəyyən dövr üçün postu da bağlayıb, bu təxribatçı qüvvələrin orada fəaliyyətinin genişlənməsini də aradan qaldırmalıyıq. Bu bizim bilavasitə dövlət təhlükəsizliyimiz üçün atacağımız addımlardır. Allah yaralı əsgərimizə şəfa versin. Ümid edirəm ki, itkilərimiz olmaz və biz daha çox düşmənin bu niyyətlərini üzə çıxaracaq manevrlər, ciddi həmlələr edərək dövlət sərhəddimizin təhlükəsizliyini qoruyacağıq. Buna heç kəsin şübhəsi olmamalıdır”.