Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Belə ki, dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi adətən təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırmaq olar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri.

Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.

Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10%, 1992-ci ildə 37%, 1993-cü ildə isə 50%-ə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdır.

1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3% təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə – 1763,5%-ə çatmışdı.

Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1%-dən 1994-cü ildə 13%-ə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250%-ə çatmışdı. Əslində ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı isə 5,7 dəfə azalmışdı.

Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ölkə prezidentinin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkədir.

 

 

Abdullayeva Aytən YAP üzvü