Azərbaycan – Macarıstan tərəfdaşlığı yeni hədəflərə doğru

Azərbaycanın Avropa İttifaqı və NATO üzvü olan Macarıstanla münasibətləri keyfiyyətcə tamamilə yeni məzmun kəsb etməyə başlayıb və genişləndirilmiş uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni hədəflərə doğru gedir. Azərbaycan dünya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı hörmət, etimad və faydalılıq prinsiplərinə əsaslanan münasibətlərini inkişaf etdirir. Belə ölkələrdən biri də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərində xüsusi yer tutan Macarıstandır.

Bu sözləri   Milli Məclisin deputatı Əli Məsimli deyib.

O bildirib ki, son illər Azərbaycanla Macarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu özünü avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü zamanı toxunulan məsələlərin əhatə dairəsi timsalında daha əyani şəkildə göstərir: “Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlərə dair qarşılıqlı məmnunluq yaradan fikir mübadiləsi aparılıb. İki ölkə arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu məsələsinə toxunulub. Eləcə də əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirilib və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulanıb. Elm-təhsil sahəsində əməkdaşlıq, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olunub, həmçinin gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi qeyd edilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması, ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və sair vurğulanıb”.

Deputatın sözlərinə görə, Azərbaycanla Macarıstan arasında qarşılıqlı etimada əsaslanan möhkəm siyasi münasibətlər mövcuddur. Münasibətlər iki ölkə arasında mövcud olan “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”yə uyğun surətdə demək olar bütün sahə və istiqamətləri əhatə etməyə başlayıb. Azərbaycanın Avropa İttifaqı və NATO üzvü olan Macarıstanla münasibətləri keyfiyyətcə tamamilə yeni məzmun kəsb etməyə başlayıb və uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni hədəflərə doğru gedir. İki ölkə arasında tərəfdaşlıq münasibətləri həm ikitərəfli formatda, həm də Avropa İttifaqı səviyyəsində strateji xarakter daşıyır. Ölkələrimizin yaxın siyasi münasibətləri iqtisadi, elmi-texniki, mədəni və digər sahələr üzrə əlverişli zəmin, eləcə də strateji şirkətlər və biznes qurumları arasında da əməkdaşlıq üçün lazımi çərçivələr yaradır.

O bildirib ki, bununla belə, ölkələr arasındakı iqtisadi münasibətlərin miqyasları mövcud potensiala və siyasi əməkdaşlığın intensivliyinə cavab vermir: “Doğrudur, Azərbaycanla Macarıstanın xarici ticarətində müsbət dinamika var və əmtəə dövriyyəsinin həcmi 2005-ci ildə 4,8 milyon dollar, 2010-cu ildə 14,3 milyon dollar, 2015-ci ildə 17,9 milyon dollar, 2020-ci ildə 38,9 milyon dollar, 2022-ci ildə isə 47,4 milyon dollar təşkil edib. Lakin hər iki ölkənin bu göstəricini qat-qat artırmaq üçün geniş potensialı var. Azərbaycanla Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi və digər sahələri əhatə edən bir sıra sənədlər əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. İki ölkə arasında formalaşmış möhkəm siyasi münasibətlər və ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da gücləndirilməsi ticari-iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığın genişlənməsi və dərinləşməsinə öz töhfəsini verməyə başlayıb və onların miqyasları getdikcə genişlənəcək.

Azərbaycan-Macarıstan münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa və Slovakiyanın mədəni və siyasi ittifaqı), Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Bu baxımdan Azərbaycanla Macarıstan arasındakı münasibətlərin genişlənməsi və dərinləşməsi Türk Dövlətləri Təşkilatı kontekstində də çox mühüm əhəmiyyət kəsb edir. Son illər baş verən hadisə, proses və kataklizmlərindən qaynaqlanan yeni geosiyasi reallıqlar, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ilə yaratdığı yeni situasiya və reallıqlar Türk dövlətlərinin tərəfdaşlığının daha dərin məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib. Bu istiqamətdə həm strateji məzmunlu vacib sənədlərin qəbul edilməsi, hüquqi təminatlar, həm də institusional, təşkilatı tədbirlər və sair baxımından xeyli məqsədyönlü işlər görülüb. Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi və dərinləşməsi üçün mühüm platformaya çevrilib. Türk dövlətlərinin birliyi dünyaya böyük həriflər yazılmağa layiq mədəniyyət, böyük dəyərlər, humanizm gətirir. Sürətlə dəyişən dünya düzəni fonunda Avropa ölkəsi olan Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, Türk Dövlətləri Təşkilatına üzv olmağı planlaşdırması bu birliyin möhkəmlənməsi üçün çox ciddi əsasların olduğunu, bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini və sülhə, əmin-amanlığa, regional və qlobal inteqrasiya, tərəqqiyə layiqli töhfələr verəcəyini dünya iqtisadiyyatında, dünya sivilizasiyasında payının artacağını göstərir”.