Azərbaycan Ordusu bizim güvənc yerimizdir, iftixarımızdır

Bu gün 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Möhtəşəm Qarabağ zəfərini xalqımıza yaşadan şanlı ordumuzun, qəhrəman hərbçilərimizin bayramıdır.


26 İyun Silahlı Qüvvələr Gününü xalqımız böyük qürur hissi ilə qeyd edir. Azərbaycan Ordusu bizim güvənc yerimizdir, iftixarımızdır.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun əsgər və zabitləri gözlərini qırpmadan düşmənin üzərinə gedərək işğalçıları torpaqlarımızdan qovdu, öz canları, qanları ilə doğma Qarabağımızı azad etdilər.
Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanımızın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Qürurla qeyd edə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Təsadüfi deyil ki, şanlı ordumuzun İkinci Qarabağ savaşındakı şücaəti dünyada XXI əsrin müharibəsi kimi dəyərləndirilir, ordumuzun döyüş strategiyası müxtəlif beynəlxalq hərbi mərkəzlər tərəfindən öyrənilir.
Biz ordumuzla, qəhrəman hərbçilərimizlə fəxr edirik!

26 İyun Silahlı Qüvvələr günü münasibətilə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla bütün hərbçilərimizi ürəkdən təbrik edirəm! Qarabağın azadlığı uğrunda canlarını qurban vermiş şəhid hərbçilərimizin ruhu qarşısında baş əyirəm!