Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bərabər, beynəlxalq hüququ da bərpa etdi.

Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbənin ildönümünü qeyd edirik. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə yanaşı, regionun gələcək taleyini də dəyişdi. Artıq Azərbaycan regionun aparıcı ölkəsi kimi şərtləri diktə edən, regionun inkişaf perspektivlərini müəyyənləşdirən tərəfdir. Əlbəttə bütün bu uğurların mənbəyində şəhidlərimizin və qazilərimizin şücaəti, qəhrəmanlığı, xalqımızın əzmkarlığı və dövlətimizin sarsılmaz hərbi-siyasi iradəsi dayanır. Şübhəsiz ki, qazanılmış uğurların fonunda Minsk qrupunun fəaliyyəti, proseslərdə hansı səviyyədə iştirak etdiyi ciddi suallar doğurur. ATƏT-in Minsk qrupunun həmsədrləri ötən 27 ildə özlərinin vasitəçilik missiyalarında nə hərb, nə də sülh siyasətinə üstünlük verirdilər.

Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Minsk qrupunun 30 il ərzində hər hansı müsbət nəticə əldə edə bilmədiyi məsələni Azərbaycan hərbi-siyasi yolla 44 gün ərzində həll etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bərabər, beynəlxalq hüququ da bərpa etdi. Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində bu məsələyə xüsusi toxunub: “Əlbəttə əgər Minsk qrupu öz işində ikili standartlara, beynəlxalq riyakarlığa yol verməsəydi, bu müharibəyə də ehtiyac qalmazdı. Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər”.

Deputat qeyd edib ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır və həmin ölkələr tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilərdi. Beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Ancaq Minsk qrupu bunu edə bilmədi və ya etmək istəmədi. Rəsmi İrəvan da 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayındı. Nəticələr də göz qabağındadır. İşğalı 30 il ərzində görməyən, indi isə olmayan işğalı görən qurum, ya kordur, ya da riyakardır.

Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyinin danışıqlar prosesinə böyük zərbə vurduğunu qeyd edən Tamam Cəfərovanın fikrincə, onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür.

Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev növbəti dəfə öz konkret mesajlarını verərək bəyan etdi ki, biz haqq yolundayıq, doğru yoldayıq və beynəlxalq aləm, beynəlxalq təşkilatlar da haqqın, doğrunun tərəfində dayanmalıdır.

T. Cəfərova xüsusilə vurğulayıb ki, hazırda Minsk qrupu tamamilə fəaliyyətsizdir. İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Artıq Minsk qrupu fəaliyyətini yeni reallıqlara uyğun qurmalıdır. Əlbəttə indiki vəziyyətdə Minsk qrupu ilə bağlı üstün mövqe Azərbaycanın tərəfindədir.

Dövlətimizin başçısı İlham Əliyevin sözügedən müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri kimi Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından bəhs edən Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, bu dostluğun zirvəsində dayanan tarixi Şuşa Bəyannaməsi bütün məqamları özündə ehtiva edir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.