Azərbaycan öz haqqını tələb edir

“Bakı İrəvana təzyiq etmək üçün yetərincə mexanizmlərə malikdir”.

“Cənab Prezident İlham Əliyevin dekabrın 6-da Qubada Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı çıxışında Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan qrafik və cədvəl tələb etməsini ciddi mesaj kimi qəbul etmək lazımdır. Prezident İlham Əliyevin bu mesajını təkcə Ermənistana deyil, eyni zamanda revanşist qüvvələrə, erməni lobbisi və xarici havadarlarına bir çağırış kimi dəyərləndirmək lazımdır”.

Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, cənab Prezident bir zamanlar Qarabağ münaqişəsinin həlli ilə bağlı dəfələrlə səsləndirdiyi fikri bir daha sərt formada təkrar edərək bəyan etdi ki, Zəngəzur dəhlizinin açıqlaması ilə tarix versinlər, nə vaxt açılacaq, belə olan halda, heç bir problem olmayacaq.

“Ölkə başçısı deyib ki, bunu təkcə Ermənistan rəhbərliyi deyil, Ermənistan ictimaiyyəti və əhalisi başa düşməlidir. Əgər Ermənistanın cənab Prezidentin çağırışlarına əməl edib işğalçılıq siyasətinə son versəydilər, bugünkü ağır, faciəvi durumla üzləşməzdilər. Amma buna adekvat cavab verə bilmədiklərinə görə, nəinki ağır məğlubiyyətə düçar oldular, orduları darmadağın edildi, erməni cəmiyyəti ağır psixoloji travma içərisindədir və gələcəyə ümidsiz olduqlarından  ölkəni tərk etməyə üstünlük verirlər. Odur ki nə qədər gec deyil, Ermənistan hakimiyyəti, digər siyasi qüvvələri, cəmiyyəti və diasporu üzləşdikləri vəziyyətə uyğun adekvat düşüncə sərgiləyib, qərar verməlidirlər. Bunun əksi isə Ermənistana hansı qüvvələrin dəstək verməsindən asılı olmayaraq daha dəhşətli və faciəvi ola bilər. Ermənilər ötən 30 illik yanlış işğalçılıq siyasətinin səhvlərindən nə qədər tez nəticə çıxarsalar, onların xeyrindədir. Ziyanın yarısındanda geri qayıtmaq faydalıdır zərb məsələsində olduğu kimi… Çünki Azərbaycan cənab Prezidentin də bəyan etdiyi kimi, indiyədək istədiyinə nail olub, olur və olacaq.  Zəngəzur dəhlizi açılacaq! Bu sadəcə zaman məsələsidir. Vaxt itkisindən isə itirən ancaq Ermənistan olacaq. Necə ki indiyədək itirib. Odur ki Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı vaxtı bəyan  edib, qrafik təqdim etməlidir. Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı tarix istəməsi o anlama gəlir ki, Bakı ya güc yolu, yaxud da danışıqlar yolu ilə istədiyinə nail olacaq. Güc yolu heç də hərb yolu anlamına gəlməməlidir. Azərbaycanın hazırda Ermənistana təzyiq etmək üçün yetərincə mexanizmlərə malikdir. Nəzər alsaq ki, bu gün onsuz da Ermənistanın ictimai-siyasi gündəmi Azərbaycan müəyyənləşdirir, o zaman hər şey aydın olar. Onsuz da Azərbaycan Prezidentinin  yürütdüyü uğurlu diplomatik siyasət nəticədə qələbəni təmin edəcək. Hansı ki biz  buna şahidlik etməkdəyik. Artıq beynəlxalq aləm Azərbaycanın yaratdığı reallığı qəbul edib, dəstəkləyir və buna uyğun addımlar atırlar. Digər tərəfdən Ermənistan-Azərbaycan münaqişəsində əsas arbitr rolunu oynayan Rusiya da münaqişənin həllində Azərbaycanla eyni mövqedən çıxış etməsi, dediklərimizin bariz nümunəsidir. Düzdür, bu məsələdə Rusiyanın öz dövləti maraqları var. Lakin strateji hədəflərdə mövqelərdə maraqları Azərbaycanın və Türkiyənin maraqları ilə üst-üstə düşür. O baxımdan demək istərdim ki, bu gün Ermənistanın danışıqlar prosesində sərgilədiyi ikibaşlı, riskli oyunları nəinki Paşinyan hakimiyyətinə, o cümlədən bütövlükdə Ermənistan üçün ciddi təhlükə yarada bilər və bunun miqyası daha böyük olar. Ermənistanın bugünkü vəziyyətini uçurumun kənarında dayananın durumu ilə müqayisə etmək olar. Belə demək mümkünsə, artıq yolun sonudur. Ona görə də ermənilər bu real vəziyyəti dəyərləndirib, ona uyğun addım atsalar, yaxşı olar. Vaxt isə azdır”.