“Azərbaycan polisi öz dövlətinə sədaqətdə ən yaxşı nümunə göstərmiş oldu”

“Azərbaycan polisi dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onun qorunub saxlanılmasında, ölkədə ictimai sabitliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rolu olmaqla yanaşı, bu gün pandemiya dövründə də polis işçiləri öz peşə borclarını layiqincə yerinə yetirərək öz hərəkəti, davranışı ilə cəmiyyətə nümunə olmaqdadır”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında millət vəkili Cavanşir Paşazadə polisin karantin dövründəki fəaliyyətini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan polisinin işi təkcə insanları cinayətkardan yox, həm də insanları öz məsuliyyətsizliyindən qorumaqdır.

“Həftəsonu sərtləşdirilmiş karantin dövründə biz Azərbaycan polisinin fədəkarlığının şahidi olduq. Bu müddət ərzində polis qaydaları pozan insanları inzibati məsuliyyətə cəlb etmək əvəzinə təmkinlə insanlara evdə qalmağa çağırış etdilər, vətəndaşlarla sıx ünsiyyətdə olub, onlara koronavirus infeksiyasının nə qədər ciddi problemlər yaratdığı ilə bağlı maarifləndirmə işləri aparıblar. Lazım gəldikdə isə insanlara yardım ediblər, hətta bəzi problemlərini həll ediblər. Artıq bununla bağlı sosial mediada və şəbəkələrdə çoxsaylı faktlar dərc olunub. Biz bu müddət ərzində hamilə, xəstə, küçədə ehtiyacı olan yaşlı qadına, hətta Bakının  Bayıl qəsəbəsində insanların su problemlərini həll etmələri barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Ümumiyyətlə son illərdə polisin belə nümunəvi hərəkətləri barədə çoxsaylı faktlar var. Bu gün polisə olan münasibət kökündən dəyişib. Artıq insanlar polisi özünə güvənc yeri hesab edir. Məhz ona görə də cənab Prezident İlham Əliyev pandemiya dövründə  həkimlərlə yanaşı, polisin rolunu da yüksək dəyərləndirib. Polisin göstərdiyi nümunəvi xidmət Milli Məclisdə deputatlar tərəfindən təqdir olunaraq fəaliyyətləri yüksək qiymətləndirilib və alqışlanıb. Hələ zamanında Ulu öndər  Heydər Əliyev Azərbaycan polisinin dövlətçiliyimizin sadiq köməkçisi və qulluqçusu adlandırıb. Biz zaman-zaman bunun şahidi olmuşuq”, – deputat qeyd edib.Millət vəkili əlavə edib ki,  Azərbaycan polisi öz dövlətinə sədaqətini karantin rejimi dövründə  ən yaxşı formada nümayiş etdirdi.

“Bir faktı qeyd edim. Bu gün  sosial şəbəkələrdə iyunun 8-də polisə qarşı bir qrup şəxsin etdiyi xoşagəlməz fakt bunun bariz nümunəsidir.  Əgər başqa bir ölkədə, lap elə Avropa ölkəsində olsa idi, polis həmən hərəkətə keçib, o insanlar qarşı ən sərt, amansız və kobud hərəkət edərdi. Ancaq Azərbaycan polisi təmkin nümayiş etdirib, həmin insanları tam müəyyənləşdirdikdən sonra hüquqi müstəvidə tədbir gördü. Düzdür, bəzi polisin fəaliyyətinə kölgə salmaq istəyən şəxslər  hadisəni başqa məcraya yönəltmək istəyir. Ancaq cəmiyyətin böyük  hissəsi bu məsələdə polisə olan hərəkəti qınayır və pisləyir. Bunu təxribat xarakterli və qəsdən edilən hərəkət  kimi dəyərləndirir. Çünki bu gün  Azərbaycan koronavirus pandemiyası zamanı insanların  sağlamlığının müdafiəsi istiqamətində dövlətin atdığı məqsədyönlü və zəruri addımları ölkəmizi sevməyən bəzi ünsürlərin  ürəyincə olmadığına görə, hər vasitə ilə görülən işlərə kölgə salmaq yolunu seçirlər. Biz bu gün  bir qrup insanın tərəfindən polisə qarşı edilən yaramaz hərəkəti zamanı da  buna şahidlik etməkdəyik. Bu yolverilməz hərəkətdir.

Azərbaycan polisi  bəşəri və dövlətçilik ənənələrinə sadiq qalaraq karantin rejimi dövründə gücləndirilmiş iş rejimində işləyən polislərimiz bir an olsun sayıqlıqlarını itirmədilər. Yorğunluğa, çətinliklərə  baxmayaraq  peşə fəaliyyətlərinin layiqincə yerinə yetirib polsi şərəfini hər şeydən üstün tutdular.  Bu hərəkətləri ilə Azərbaycan polisi öz dövlətinə sədaqətdə ən yaxşı nümunə göstərmiş oldu”.

 Mürtəza