Azərbaycan regionda əhəmiyyətli lahiyələr həyata keçirəcək

“Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazandıqdan sonra işğaldan azad olunmuş ərazilərdə böyük işlər görülməyə başladı. Hər kəsə məlumdur ki, həmin ərazilər böyük iqtisadi potensiala malikdir. Xüsusilə sənaye, kənd təsərrüfatı, turizm potensialı bu ərazilərdə böyükdür”. 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə bağlı danışarkən deyib. 

O, Azərbaycanın uğurlu siyasətlə qısa müddətdə böyük işlər gördüyünü bildirib:

“İşğaldan azad olunmuş ərazilərin bərpa olunması, vətəndaşlarımızın qısa müddətdə ora qayıtması üçün qısa müddətdə dövlət proqramı hazırlandı. 

Azad olunmuş ərazilərdə hava limanlarının tikilməsi məqsədilə vacib addımlar atıldı. “Zəfər yolu” adlanan Şuşa yolunun inşasına başlanılması, elektrik enerji stansiyalarının inşası qısa müddətdə görülmüş əhəmiyyətli işlərdir. Bu işlər yaxın gələcəkdə orda iqtisadi potensialın dövriyyəyə cəlb edilməsi və dövlət iqtisadiyyatının inkişafı baxımdan əhəmiyyətli rol oynayacaq.

Kənd təsərrüfatı baxımından münbit torpaqlar, təbii ehtiyatlar, mineral və müalicəvi sular var. Bu ərazilərin turizm potensialını da unutmaq olmaz. Təbii sərvətlər, filiz yataqları var. Bu işlərin həyata keçirilməsi üçün də yeni yanaşmalar ortaya qoyulub. “Ağıllı kənd” layihələri hazırlanıb, Ağdamın baş planı təsdiqlənib, Şuşanın bərpası üçün əhəmiyyətli addımlar atılıb. Bu işlər çox qısa müddətdə uğurla həyata keçirilib. Müharibədən çıxmış, pandemiya şəraitində olan dövlət üçün bu, ciddi uğurdur. Ən əsası isə bütün bu işlər görüləcək işlərin hələ başlanğıcıdır. Qarşıda Azərbaycanı daha böyük işlər, işğaldan azad olunmuş ərazilərlə bağlı layihələr gözləyir”.

Deputatın fikrincə, üçtərəfli bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bu ərazilərin turizm və iqtisadi potensialı daha da artacaq:

“Digər vacib məsələ isə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu, təkcə Azərbaycanın deyil, digər region ölkələrinin iqtisadiyyatı üçün vacibdir. Zəngəzur dəhlizinin açılması dünya iqtisadiyyatı üçün çox vacib hadisə olacaq. Altı region ölkələrindən başqa digər ölkələrin də bu dəhlizdən istifadə etməsi ilə dünya iqtisadiyyatında yeni yanaşma yaranacaq. Bu, qarşılıqlı səmərə, iqtisadi mənfəətdir”.