Azərbaycan regionda sülhü dəstəkləyir

44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan ordusunun darmadağın edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artdı. Əfsuslar olsun ki, hazırkı dünya reallıqlarına nəzər salsaq, ancaq güclü olanın sözünün keçdiyini görürük. Azərbaycanın haqq savaşından sonra “Qarabağ Azərbaycandır” reallığı dünya dövlətləri və beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən qəbul edilmiş və Azərbaycanın haqlı mövqeyi dəstəklənmişdir”.

Bu sözləri açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Deputat sözlərinə belə davam edib: “Bu qələbəmizlə Ermənistanın havadarlarına da yerlərini göstərmiş olduq. Onlar da təcavüzkar Ermənistanla birlikdə hərəkət edərək 30 il haqsızlığa göz yummuşlar. Sözdə münaqişənin həlli üçün bəzi ədalətli qərarlar qəbul etməklə, əməldə təcavüzkarın yanında yer aldılar. Bunun ən bariz nümunəsi, Ermənistanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamənin (822, 853, 874 və 884) qəbul olunması və bu qətnamələrdə ermənilərin təcavüzkar siyasətinin pislənməsi və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının birmənalı şəkildə tələb olunmasıdır. Lakin Beynəlxalq hüququn tələb və prinsiplərinə məhəl qoymayan Ermənistan öz havadarlarına arxalanaraq işğalçı siyasətini daha da genişləndirmək məqsədilə 2020-ci ilin sentyabrın 27-də yenidən Azərbaycan üzərinə hücuma keçdi. Şanlı Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına başladı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin edərək, beynəlxalq səviyyədə tanınmış ərazilərimizi işğalından azad etdi.

Ermənistanın müharibədən sonrakı mərhələdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi gözlənilən bir dövrdə bu ölkənin siyasi iradə nümayiş etdirmək əvəzinə müxtəlif təxribatlara əl atmaqla sülh prosesini uzatmaq istəməsi ən azından təəssüf doğurur. Azərbaycan bütün bu müddətdə sülh danışıqlarına hazır olduğunu, Ermənistanın obyektivlik nümayiş etdirərək reallıqları qəbul etməsi və ölkəmizə qarşı ərazi iddialarından əl çəkməsi halında sülh danışıqlarının nəticə verəcəyi ilə bağlı büynəlxalq tribunalardan öz mövqeyini daima bildirmişdir.

Lakin görünür köhnə adətlərindən əl çəkmək fikrində olmayan bəzi beynəlxalq təşkilatlar və dövlətlər, Azərbaycanın bu uğurundan qorxuya düşərək münaqişəni yenidən alovlandırmağa və sülh prosesinə zərbə vurmağa çalışaraq öz məkrli planlarını davam etdirmək xülyasına düşüblər. Hətda üslublarını daha da dəyişərək açık şəkildə Azərbaycana qarşı olan nifrətlərini büruzə verirlər. Belə ki, BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Laçın dəhlizinin blokadada saxlanıldığı və Qarabağda “gərgin humanitar vəziyyət” yarandığını iddia etməsi, BMT orqanlarının qeyri konstruktivliyinin göstəricisidir. Bu günlərdə də, Ermənistanın BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar” fövqəladə iclasın çağırılması xahişinə canla başla çalışan bir sıra qüvvələr vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirlər. Bu, həmin qüvvələrdir ki, BMT-nin Azərbaycan ərazilərinin qeyd- şərtsiz azad olunmasına dair qəbul etdiyi qətnamələrin müzakirəsi və icra olunması üçün 30 il heç bir iş görmədilər. Bu, BMT kimi nüfuzlu beynəlxalq qurumun dünyanın gözündə ədalətsiz bir təşkilat durumuna düşməsidir. Erməni lobbisinin yalançı təbliğatına aldanaraq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik etməsi, ikili standard siyasəti yeridərək qərəzli bəyanatlar verməsi, ölkəmizin daxili işlərinə qarışması beynəlxalq hüquq normalarının heçə sayılmasıdır.

Bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirərək işğalçı Ermənistanı dəstəkləməsi Azərbaycanın problemi hüquqi müstəvidə həll etmək iradəsindən döndərməyib. Lakin beynəlxalq ictimaiyyət anlamalıdır ki, Azərbaycan tarixən olmadığı qədər inkişaf etmiş iqtisadiyyata, nizami orduya, güclü tərəfdaşlara malikdir və ölkəmizin bütün çətinlikəri aşaraq modern dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün əzm və iradə nümayiş etdirən İlham Əliyev kimi Lideri var”.