Azərbaycan regionda sülhün təminatçısıdır

“Azərbaycan Fransa ilə münasibətlərə həmişə xüsusi əhəmiyyət verib. Bizim ikitərəfli əlaqələrimiz xalqlarımızın, dövlətlərimizin maraqlarına əsaslanıb. Hesab edirəm ki, indi daha çox gələcəyə hədəflənmək lazımdır”.

Bunu  açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın Vətən müharibəsi dövründəki mövqeyi Azərbaycan ictimaiyyətində haqlı suallara səbəb olub. O, müharibədən sonra regionda yeni reallığın yarandığını vurğulayaraq, münasibətlərin məhz bu reallıqlar kontekstində qurulmasının hər iki ölkə üçün faydalı olacağına əminliyini bildirib.

S. Məmmədov Prezident İlham Əliyevin “France-24” televiziya kanalına müsahibəsində Azərbaycanın Fransa ilə əməkdaşlığa hər zaman açıq olduğunu vurğuladığını xatırladıb. Qeyd edib ki, özünü beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi təsdiq etmiş ölkəmiz digər dövlətlər arasında münasibətlərə heç vaxt qarışmayıb: “Fransa ilə Ermənistan arasında əlaqələri təbii ki, bu ölkələr özləri müəyyənləşdirir. Lakin vasitəçilik missiyasını üzərinə götürmüş ölkələrdən birinin münaqişədə olan iki tərəf arasında seçim etməsi ən azı üzərinə götürdüyü öhdəliklərə uyğun deyil. Düşünürəm ki, Fransada Azərbaycan cəmiyyətinin etirazlarını düzgün qiymətləndirən və haqlı olduğunu qəbul edən siyasi dairələr var”.

Deputat qeyd edib ki, Azərbaycan regionda sülhün bərqərar olunması naminə bütün səylərini səfərbər edir. Bunun üçün Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması münaqişənin həll edilməsindən sonra ATƏT-in Minsk Qrupunun həyata keçirə biləcəyi ən vacib məsələlərdən biridir: “Hesab edirəm ki, Fransa bu etimadın yaradılmasına çox ciddi töhfələr verə bilər. Xüsusilə Fransa ilə Ermənistan arasında münasibətlərin xarakteri belə düşünməyə əsas verir”.

S. Məmmədov deyib ki, Fransa münaqişədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etmək istəyini rəsmi səviyyədə ifadə edib. Millət vəkilinin fikrincə, bu fakt ikitərəfli əlaqələrin inkişafı üçün müsbət siqnaldır: “Fransa səfiri də ölkəsinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstək vermək niyyətində olduğunu açıqlayıb. Məcburi köçkünlərin öz torpaqlarına daha qısa vaxtda qayıda bilmələri üçün bu cür dəstəyin əhəmiyyəti olduqca böyükdür. Hesab edirəm ki, biz indi daha çox müsbət məqamlara istinad edərək, ikitərəfli əlaqələrin inkişafı üçün daha yaxşı zəmin yarada bilərik”.