Azərbaycan regionda yeni reallıqlar yaradıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin 76-cı sessiyası zamanı irəli sürdüyü Gürcüstan-Azərbaycan-Ermənistan arasında əməkdaşlıq platforması kimi “dinc qonşuluq təşəbbüsü” ideyasını inkişaf etdirmək üçün dünən Bakıya səfər edib. Bu, Qərb və ABŞ tərəfindən dəstəklənmə ehtimalı olacaq bir təşəbbüsdür.

“Qafqaz” platforması ideyası reallaşa bilərmi? İndiki halda Azərbaycan Rusiya və Türkiyə vasitəçiliyindən imtina etməyə maraqlı olacaqmı? Çünki, məsələlər məhz bu iki dövlətin vasitəçiliyi sayəsində Azərbaycanın xeyrinə daha tez həll olunur. “Altılıq” platforması reallaşa bilərmi?
“Gürcüstan Baş naziri Qaribaşvilinin təşəbbüsü reallaşa bilər və bu təşəbbüsə daha öncə irəli sürülmüş 3+3 platformasına alternativ layihə kimi baxmağı düzgün hesab etmirəm”.

Bunu  açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib ki, Gürcüstan-Azərbaycan-Ermənistan formatında “dinc qonşuluq təşəbbüsü” ideyası heç də 3+3 təşəbbüsünü istisna etmir, əksinə Qaribaşvilinin irəli sürdüyü əməkdaşlıq formatı Türkiyə prezidenti R.T.Ərdoğan tərəfindən irəli sürülmüş daha geniş regional əməkdaşlıq təşəbbüsünün tərkib hissəsi kimi çıxış edir: “Məsələyə bu prizmadan yanaşdıqda “dinc qonşuluq təşəbbüsü”nü 3+3 təşəbbüsünün ilkin mərhələsi və ya bir hissəsi hesab etmək olar. Hesab edirəm ki, belə bir təşəbbüs təkcə Qərb və ABŞ tərəfindən deyil, Cənubi Qafqazda maraqları olan bütün qüvvələr tərəfindən, o cümlədən Türkiyə, Rusiya, İran, Avropa Birliyi və Çin tərəfindən də dəstəklənməyə layiqdir”.

C.Feyziyev bildirib ki, son bir ildə bölgədə baş verən hadisələrdə doğrudan da Rusiya və Türkiyənin vasitəçilik səyləri böyük rol oynayıb və bu amil indi də, gələcəkdə də həlledici amil olaraq qalacaq: “Amma müharibə bitdikdən və torpaqlarımız işğaldan azad olunduqdan sonra həyat donub qala bilməz. Bölgədə yeni reallıq yaranıb və  gözlə görünən və görünməyən çoxsaylı siyasi proseslər daim cərəyan etməkdədir. Yeni şəraitdə həm bölgə dövlətləri, həm də bölgədə maraqlı qüvvələr bu proseslərə adekvat addımlar atmağa çalışırlar. Bu da təbiidir. Amma istənilən halda baş nazir Qaribaşvilinin “dinc qonşuluq təşəbbüsü” ideyası heç də Rusiya və Türkiyə vasitəçiliyindən imtina etmək anlamına gəlmir və gəlməməlidir. Əksinə, bayaq dediyim kimi, bu ideya daha geniş formatlı 3+3 təşəbbüsünün bir seqmenti və ya hətta tərkib hissəsi  kimi başa düşülməlidir. Ümumiyyətlə, Vətən müharibəsindən sonra Azərbaycan bölgədə dinc yanaşı yaşamağı və qarşılıqlı faydalı əməkdaşlığı yorulmadan təşviq edir.
Bu istiqamətdə Azərbaycanın atdığı addımlar ilk növbədə 3 Qafqaz ölkəsinin maraqlarına tam uyğundur və eyni zamanda beynəlxalq miqyasda da dəstəklənir. Hazırda Ermənistandan başqa sülh və əməkdaşlıq təşəbbüslərinə müqavimət göstərən ikinci bir qüvvə görmürəm. Bu da düşünürəm ki, ilk növbədə Ermənistan daxilindəki qeyri-sağlam siyasi mübarizədən qaynaqlanır. Ümid edək ki, gec-tez Ermənistan cəmiyyəti və dövləti də sülh və əməkdaşlığa heç bir alternativin olmadığını anlayacaq və bölgəmizdəki vəziyyət hazırkı qarşıdurmadan qarşılıqlı əməkdaşlığa doğru dəyişəcək”