Azərbaycan regionda yeni reallıqlar yaradır

Dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Ölkəmiz uzun illər çəkən ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Dövlətimizin başçısı müdrik siyasəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi, ədalətli Qələbəni reallaşdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında böyük qürurla qeyd edib: «Bu parkın açılışı ona görə əhəmiyyətli idi ki, Azərbaycan xalqı əldə etdiyimiz Qələbəni canlı görmək imkanı qazandı. Bu, Qələbəmizin simvollarından biridir. Bu park həm də Ermənistan üçün mesaj əhəmiyyətli idi. Ermənilər bu parka baxanda özlərinin məğlubiyyətini görürlər. Etnik təmizləmə, soyqırımı siyasətinin sonu məhz belə ağır bədəl ödəməklə nəticələnir. Bu, həm də bütün dünya ermənilərinə mesajdır”.»

Göründüyü kimi, Vətən müharibəsində  Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə  bölgədə yeni geopolitik mənzərənin  yaradılması  möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 18 illik siyasi-diplomatik səylərinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.”»

Bu fikirləri müsahibəsində Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, İkinci Qarabağ müharibəsində ordumuz ermənilərin 30 il ərzində işğal olunan torpaqlarda yaratdıqları müdafiə xətlərini, mühəndis qurğularını qəhrəmanlıqla dağıtdı. Dövlətimizin başçısı münaqişənin davam etdiyi dövrdə çox böyük uzaqgörənliklə təxirəsalınmaz tədbirlər reallaşdırmışdı. Xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə respublikamızın haqq səsini dünya ictimaiyyətinə çatdırırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə alırdı”. Bakıda Hərbi Qənimətlər Parkı İkinci Qarabağ müharibəsi həqiqətlərinin  təbliğinə,  Azərbaycanın qalib,   Ermənistanın   məğlub  ölkə kimi dünyada tanınmasına  geniş imkanlar açacaq. Paytaxtın Xətai rayonunda yaradılan parkdakı eksponatlar işğalçının faşist xislətindən, vəhşiliyindən, hərbi cinayətindən xəbər verir. İşğaldan azad edilən ərazilərimizdə tarixdə heç zaman unudulmayacaq vandalizm əməlləri törədilib, şəhər və kəndlərimiz yerlə bir edilib, tarixi irsimiz tamamilə dağıdılb, təbii sərvətlərimiz talanıb. Dövlət başçımız Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında bu barədə deyib: «İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq.»

K.Bayramov diqqətə çatdırıb ki, 1997-ci ildə «Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması haqqında» Konvensiya qəbul edilib və 2017-ci ilə kimi bu Konvensiyaya 163 dövlət qoşulub.  Sənədə əsasən münaqişə tərəfləri münaqişə bitdikdən sonra  minalanmış ərazilərin xəritəsini qarşılıqlı şəkildə bir-birinə təqdim etməlidir. Lakin Ermənistan beynəlxalq Konvensiyanın  tələblərini kobud surətdə pozaraq  bunu etmək istəmir.  İşğalçı ölkənin Azərbaycan ərazilərində məqsədyönlü minalanma işləri aparması nəticəsində həm hərbçilər, həm də mülki əhali arasında çox sayda ölən və yaralananlar var. Ermənistana bu əməllərinə görə cavab verməlidir. Beynəlxalq aləm bu məsələdə Ermənistana təzyiq göstərməli və ortaya konkret mövqe qoymalıdır. Təəssüflər olsun ki, beynəlxalq aləm və Ermənistanın havadarları onun işğalçılıq siyasətinə birbaşa və dolayısı yolla dəstək verdikləri kimi, bu dəfə də məsələyə reaksiya vermir.  Beynəlxalq aləmin qəbul etdiyi konvensiya və qanunlara  laqeyd  münasibət sərgiləməsi, o cümlədən terrorçu Ermənistanı qınamaması, ona təzyiq etməməsi insanlarda ciddi ikrah hissi oyadır. Odur ki, nəhayət beynəlxalq aləm və dünyanın aparıcı ölkələri bu cür  hərəkətlərinə son verməlidirlər.

K.Bayramov əlavə edib ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizdən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda cənab Prezident İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə yaşayış mühitinin yaradılmasıdır. Artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var.