Azərbaycan regionun lider dövləti kimi həm iqtisadi, həm də siyasi baxımdan hər zaman diqqət mərkəzindədir – Deputat

Azərbaycan regionun lider dövləti kimi həm iqtisadi, həm də siyasi baxımdan hər zaman diqqət mərkəzindədir. Bu gün dövlətimizin və onun rəhbərinin yürütdüyü daxili və xarici siyasət kursu, verilən mesajlar təkcə ölkə ictimaiyyəti tərəfindən deyil, bir çox beynəlxalq analitik mərkəzlərdə də təhlil olunur. Bu baxımdan 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar da böyük maraq doğurdu.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı hər zaman olduğu kimi, sistemliyi və dövlətimizin daxili, güclü geosiyasi mövqeyinin vəhdətini ifadə etmək baxımdan yüksək dəyər daşıyırdı. Belə ki, ölkəmizin dayanıqlı iqtisadi inkişafını, eyni zamanda qeyri-neft sektorundakı irəliləyişi konkret faktlarla diqqətə çatdıran ölkə rəhbəri bütün bu potensialın insan faktoruna yönəldiyini, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasının əsas məqsəd olduğunu diqqətə çatdırdı. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də işğaldan azad olunmuş ərazilərdə görülən işləri xüsusi vurğuladı. Qarabağ və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların sürətlə aparılması dövlətin  prioritet məsələsi kimi diqqətə çatdırıldı.

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

 

O bildirib ki, məhz bunun nəticəsidir ki, qısa müddətdə Böyük Qayıdış proqramı çərçivəsində mühüm işlər görülmüş, cari ilin birinci yarısında Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması  təmin edilmişdir. Bu proses davam etdirilir və ilin sonuna qədər isə Laçın şəhərinin Zabux və Sus kəndlərinə də məcburi köçkünlərin qayıdacağı planlaşdırılır. Eyni zamanda, ilin sonunadək 5 yaşayış məntəqəsində – bir şəhər və dörd kəndimizdə vətəndaşlarımızın öz dədə-baba torpaqlarında tam məskunlaşacağının və Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının anonsunun verilməsi mühüm hadisə idi. Azad olunmuş ərazilərdə böyük tikinti- quruculuq işlərinin aparıldığını bildirən Prezident düşmənin 30 ildə vurduğu zərbənin yalnız dağıntılarla yekunlaşmadığını bildirərək bölgədə ciddi ekoloji fəlakət yaşandığını qeyd etdi.

 

Belə ki, həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətə böyük zərbə vurulub.

Prezidentin çıxışında 60 min hektardan çox meşə fondunun ermənilər tərəfindən dağıdılıb talan edilməsi faktının bəyan edilməsi ekoloji fəlakətin real göstəricisi sayıla bilər. Bu gün Azərbaycan bu istiqamətdə də mühüm işlər görür və ərazidə infrastrukturla yanaşı, təbiətin də bərpası işləri aparılır. Ekoloji problemlərdən danışarkən ölkə rəhbərinin Gədəbəy rayonunun Söyüdlü kəndində baş verənlərlə bağlı fikirləri də ictimaiyyət  tərəfindən maraqla qarşılanıb. Prezident bu məsələdə tam açıq və obyektiv mövqe göstərərək hadisənin təbii səbəblərini açıqladı. Prezident istənilən xarici şirkətin ölkəmizə investisiya qoymasının və iş yerlərinin yaradılmasının müsbət hal olduğunu qeyd etməklə yanaşı, təbiətimizə ziyan vurulmasının  yolverilməz olduğunu sərt şəkildə ifadə etdi.

Bu məsələdə də vətəndaşın maraqlarını üstün tutan dövlət başçısı örüş və otlaq sahələrinin zəbt edilməsinin, heç kimdən icazə almadan ikinci tullantı gölünün yaradılmasının qəbuledilməz olduğunu bildirdi. Amma bütün bunlarla yanaşı, vətəndaşların da etirazı qanun çərçivəsində olmalıdır. Söyüdlü olaylarını dövlətə qarşı yönəltmək istəyən qüvvələrə sərt mesaj göndərən Prezident  kiminsə nazı ilə oynanılmayacağını və günahkarların cəzalandırılacağını qeyd etdi.

Deputat sonda qeyd edib ki, dövlətimizin başçısı xarici siyasət məsələləri, ölkəmizin beynəlxalq arenada tutduğu mövqe ilə bağlı fikirlərini də bir daha açıq şəkildə ifadə etdi. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüququn işləmədiyini, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamağın lüzumsuzluğunu qeyd edən Prezident Azərbaycan dövlətinin hər zaman sülhün və ədalətin tərəfdarı olduğunu bildirdi. Prezident çıxışında şər qüvvələrə yerini göstərərək xaos və zəif idarəçilik dönəminin 1993-cü ildə ölkəmizdə başa çatdığı mesajinı verdi və bu gün Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasəti ilə hamının hesablaşmalı olduğu gücə çevrildiyini bildirdi.

Bir sözlə, 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə dövlətimizin inkişaf və qüdrətinin daha bir təntənəsi kimi yadda qaldı.