Azərbaycan sülh prosesinə sadiqdir…..

“Azərbaycan sülh prosesinə sadiqdir və 2020-ci ilin 44 günlük ötən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bütün bunlardan sonra sülh prosesi ilə bağlı Azərbaycan dəfələrlə Ermənistana təklif vermiş, ikitərəfli, üçtərəfli və çoxtərəfli görüşlərdə iştirak etmişdir. Azərbaycanın istəyi qısa müddətdə bölgədə sülh, əməkdaşlıq, tərəqqinin bərpa olunmasıdır”. Xalq.az bildirir ki,  bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür: “Bu da Ermənistanda dövlətin və hakimiyyətin zəif olduğunun, baş nazirin öz siyasi iradəsinin kifayət qədər möhkəm olmamasının və Ermənistana kənar təsirlərin olmasının göstəricisidir.

Hazırda Ermənistanda siyasi vəziyyət elədir ki, həm Rusiya, həm də Qərblə münasibətlərinin sona qədər aydınlaşdırılması mümkün olmayıb. Bu münasibətlər aydınlaşana qədər də birmənalı şəkildə Ermənistanın hansı yol tutacağını söyləmək mümkün deyil. Xüsusilə Fransanın araqarışdıran siyasəti bölgədə sülh prosesinə əngəl olur. Amma buna baxmayaraq, ötən ilin dekabrında əldə olunmuş razılığa görə, ikitərəfli danışıqların baş tutması üçün platformanın hazırlanması olduqca müsbət haldır.

Son günlərdə Ermənistanla əldə olunmuş razılığa əsasən Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması sülh prosesinə də ümidləri artırır. İkitərəfli danışıqların bundan sonra da davam etməsi bölgədə sülhün daha tez əldə olunmasına səbəb ola bilər”.