Azərbaycan sülh tərəfadşıdır

Üçtərəfli Bəyanatın şərtlərə yeganə əməl edən tərəf Azərbaycandır.
“Azərbaycanın Qarabağ iqtisadi rayonunda, daha dəqiq desək Rusya sülhməramlılarının məsuliyyət zonasında baş verən hadisələr bəzi qüvvələr tərəfindən süni şəkildə ortaya atılmış, tərəflər arasında münasibətlərdə gərginliyi bir az da artırmağa hesablanmış niyyətlərdir. Çox təəssüflər ki, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik müqaviləsi imzalansa da şimal qonşumuzun bəsi siyasi dairələrində bundan narahat olan qüvvələr var. Həmin qüvvələr daim Azərbaycan-Rusiya münasibətlərində gərginlik, hətta münaqişə yaratmağa cəhd edirlər. Ona görə də həmin qüvvələr Qarabağda sülhməramlıların normal fəaliyyət göstərmələrinə qarşı çıxır, separatçıları ümidləndirir və Azərbaycanla növbəti müharibəyə hazırlayırlar”.
Bunu   açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, son hadisələr separatçıların yeni təlimatlar aldığına işarədir: “Azərbaycan tərəfinin təkliflərinə, o cümlədən humanitar yüklərin Bərdə-Ağdam-Xankəndi yolu ilə daşınmasına ermənilərin aksiyalarla cavab verməsi dara düşmüş, sıxıntı içərisində yaşayan, tibbi müayinəyə ehtiyacı olanların reaksiyası deyil. Bunlar bütünlüklə separatçılıq əlamətləridir. Maraqlı burasıdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK)və Rusiya sülhməramlıları Azərbaycanın təklif etdiyi daha asan və az xərc tələb edən marşrutla deyil, Laçın yolu ilə yükləri daşımaq istəyirlər. Sual olunur, niyə? BQXK beynəlxalq təşkilatdır və bu qurumun Azərbaycanda da nümayəndəliyi var. Yükləri də Azərbaycandakı bürosu təşkil edə bilərsə BQXK niyə Laçın yolunu israr edir? Deməli, məsələ biz düşündüyümüz kimi deyil, BQXK erməni sifarişi ilə çalışır ki, bu da həmin qurumun öhdəlikləri, nizamnaməsi ilə uyğun gəlmir. Laçındakı sərhəd-keçid məntəqəsində Qırmızı Xaç Komitəsinin yük maşınında ələ keçirilən qanunsuz yüklər də dediklərimizi sübuta yetirir. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Rusiya sülhməramlılarına gəldikdə isə, onlar gəldikləri gündən hər iki tərəfdə narazılıqla qarşılanıblar. 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatı imzalanandan dərhal sonra Qarabağa daşınan sülhməramlılar sənədin bəndlərinin ziddinə olaraq addımlar atmağa başladılar. Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini Qarabağdan çıxarmaq əvəzinə, İrəvandan avtobuslarla “qarabağlılar”ı daşıyıb Azərbaycan torpaqlarına gətirdilər. Bəyanatın növbəti bəndində yazılanların əksinə olaraq, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına əngəl törətdilər. Ermənistandan isə danışmağa dəyməz, məğlub ölkə münaqişənin, müharibənin sonunda baş verənlərə uyğun olaraq sülh müqaviləsi imzalamaq, nəticə ilə barışmaq əvəzinə hələ də möcüzənin baş verəcəyi ümidi ilə yaşayır. Bu savaşın sonunda yeganə düzgün mövqe tutan, üçtərəfli Bəyanatın şərtlərə əməl edən Azərbaycandır”.