Azərbaycan sülh tərəfdaşıdır

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu bu dəfə iştirakçıların sayının rekord həddə olması və müzakirə olunan qlobal xarakterli məsələlərin aktuallığı ilə diqqəti cəlb etdi. Tədbirdə 68 ölkədən 400-dən çox qonağın, o cümlədən müxtəlif ölkələrdən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirak etməsi Foruma olan maraqdan xəbər verir. Postpandemiya və postmünaqişə dövrünü yaşayan Azərbaycanın qlobal forumlara ev sahibliyi missiyasını davam etdirməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Artıq dünyada Bakı deyəndə beynəlxalq tədbirlərin keçirildiyi, qlobal problemlərin müzakirə olunduğu məkan yada düşür.

Bunu  Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

O qeyd edib ki, Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti bir çox mühüm mesajlar verərək beynəlxalq ictimaiyyət üçün vacib olan məsələlərə toxundu. Dövlətimizin başçısı çıxışında artıq həll olunmuş Qarabağ münaqişəsinə, Azərbaycan-Ermənistan münasibətlərinə və beynəlxalq təşkilatların uğursuz vasitəçilik fəaliyyətinə xüsusilə toxunub. Regionda baş verən dəyişikliklərin lokal xarakterli olmadığı iştirakçıların diqqətinə çatdırıldı. Ölkə Prezidentinin qeyd etdiyi kimi, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var: “Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır”.

Deputat xatırladıb ki, Azərbaycan hərbi-siyasi yolla, antiterror tədbirləri ilə dövlət suverenliyini tam bərpa etdi. Sübut etdik ki, tərəflərdən birinin destruktiv yanaşması və vasitəçilərin də səmərəsiz, laqeyd yanaşmaları ucbatından münaqişələr həll edilə bilmədikdə güclü Ordu sülhü təmin edə bilər. Bu yanaşma dünyada aktiv münaqişələrin həlli üçün model olaraq istifadə edilə bilər.

“Azərbaycan 30 ilə yaxındır münaqişənin sülh yolu ilə həllini tapmaq üçün səylərini davam etdirdi. ATƏT-in Minsk qrupu bu müddət ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özünü proseslərdən kənarlaşdırdı. Minsk qrupuna həmsədrlik edən üç dövlət – ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar dünyanın taleyi haqda qərar vermək gücündə olan dövlətlərdir. Bu ölkələr beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq etməklə münaqişəni beynəlxalq hüququn normaları çərçivəsində həll edə bilərdi. İstəsəydilər 2020-ci ildə Azərbaycan-Ermənistan arasında müharibə olmaya, qan tökülməyə bilərdi. Ermənistan da Minsk qrupunun onlar üçün yaratdığı təhlükəsizlik yastığından bihuş olub torpaqlarımızın geri qaytarılması istiqamətində heç bir addım atmadı. Əksinə, “Qarabağ Ermənistandır” dedilər, yeni ərazi iddiasında oldular. 28 ildən sonra Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Azərbaycan dünyada böyükbüdcəli sülhyaratma “institutları”nın formal xarakter daşıdığını və böyük güclərin maraqlarına xidmət edən bir təşkilat olduqlarını sübut etdi. Münaqişənin sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi”, – deyə Cəbi Quliyev vurğulayıb.

O deyib ki, dövlətimizin başçısı Forumda Minsk qrupunun həmsədr dövlətlərindən olan Fransanın ölkəmizə qarşı qeyri-adekvat münasibətinə də toxundu. Qeyd olundu ki, 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub. İki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Bu cəhdlərin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Otuz illik işğal dövründə münaqişənin bitməsi istiqamətində qəti addım atmayan Fransa İkinci Qarabağ müharibəsindən sonra bölgədə sülhün təmin olunması üçün addımlar atmaq əvəzində Ermənistanı silahlandırmaq, oradakı revanşist qüvvələri dəstəkləməklə məşğul oldu. Məsələ o həddə çatdı ki, Fransada Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın ucaldılmış abidəsinə qarşı təhqiramiz hərəkətlər törədildi. Fransa kimi özünü mənəvi lider kimi qələmə verən ölkədə belə hallar qəbuledilməzdir.

“Bütün bunlar azərbaycanofobiyanın, islamofobiyanın, türkofobiyanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş Makron hökumətinin zəifliyinin nəticəsidir. Təbii ki, bütün bunlar Azərbaycanı öz yolundan, milli maraqlarından döndərə bilməz. Azərbaycanda milli maraqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da uğurla həyata keçiriləcək. Bir daha qeyd etmək lazımdır ki, XI Qlobal Bakı Forumu kimi mötəbər bir tədbir beynəlxalq münasibətlər sistemində yeni yanaşmalara, bütün dünya xalqlarının mənafeyinin qorunmasına və dayanıqlı sülh sisteminin təşkil olunmasına töhfə verəcək. Bir sözlə, Bakı Forumu beynəlxalq prosesləri öyrənmək və izləmək üçün unikal platformadır”, – deyə deputat bildirib.