Azərbaycan tarixi ədaləti bərpa etdi

Ağdamın ötən il noyabrın 20-də işğaldan azad olunması ilə əlaqədar danışmazdan əvvəl şəhərin erməni faşizmi tərəfindən qəsb edilməsinə toxunmağı zəruri bilirəm. Belə ki, 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən özbaşınalıq, xaos şəraiti düşmənə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan döyüşçülər iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərən Ağdam şəhəri süqut etdi.

İşğalçı erməni silahlı birləşmələri mənsub olduğu xalqın xislətinə uyğun olaraq, evlərə od vurdular, insanların əmlaklarını taladılar və şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdular. Beləliklə, rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü.

İşğal nəticəsində Ağdamın 122 kəndi, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq məhv edildi. Erməni terrorçuları tərəfindən işğal zamanı ağır hərbi cinayətlər törədildi.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Ağdamın bu müharibədə 6 minə yaxın sakini şəhid oldu. Onlardan 16-sı Milli Qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşərək, respublikanın 62 şəhər və rayonunda məskunlaşdı. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəydi.

ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu hücum qətiyyətlə pislənildi, işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması bildirildi. Bununla bərabər, 1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Bu sənəddə də işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilən Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı”.

Deputat vurğulayıb ki, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, o dövrdə Ermənistan Ağdamla yanaşı, digər rayonları da qəsb etməklə, soydaşlarımıza qarşı etnik təmizləmə aparıb. Bununla da özünün əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi tutmaq olduğunu qabarıq şəkildə nümayiş etdirib.

“Azərbaycan uzun illərdən sonra, nəhayət, özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bununla Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə udduğunu bütün dünyaya nümayiş etdirdi”, – deyən Rəşad Mahmudov, həmçinin bildirib ki, ötən il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.

Ağdam xarici və yerli jurnalistlər tərəfindən Qafqazın Xirosiması adlandırılıb. İşğaldan azad olunan Ağdam erməni vandalizminin şahididir. Düşməndən təmizlənən torpaqlarda bütün yaşayış evləri, infrastruktur dağıdılıb. Ermənistan tərəfindən mədəni və dini abidələrimiz barbarlığa məruz qoyulub, təhqir və qarət edilib.

Rəşad Mahmudov deyib: “Ağdam rayonunun əvvəlki şöhrəti qaytarılacaq. Ağdam və işğaldan azad olunan bütün digər şəhərlər Baş Plan əsasında bərpa olunacaq. Yeri gəlmişkən, xatırladım ki, 2021-ci 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də düşməndən təmizlənən Ağdamda olarkən, dövlətimizin başçısı şəhərdə Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev orada dedi: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır…”.

Bu il mayın 28-də rayona növbəti səfər çərçivəsində isə dövlətimizin başçısı şəhərdə inşa olunacaq ilk yaşayış binasının, Sənaye Parkının, Zəfər muzeyinin, açıq hava altında İşğal muzeyinin və140 illik tarixi olan şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak etdi”.