“Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqliklə möhkəmləndirildi”

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi çox böyük əhəmiyyətə malik tarixi sənəddir”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, Bəyannamə regional siyasətə təsir etmə baxımından əhəmiyyətlidir. Eyni zamanda bölgədə təhlükəsizliyin təmin olunmasına töhfə verməklə gələcək nəsillərin firavan yaşamasında rol oynayacaq: “Bu tarixi sənədlə Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqliklə möhkəmləndirildi. Prezident İlham Əliyev həmin Bəyannaməni həm keçmiş tariximizə verilən qiymət, həm də gələcək nəsillərə ötürdüyümüz miras kimi dəyərləndirdi. Bu bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə prezidentləri qlobal çağırışlarla dolu bir zamanda hər iki ölkənin inkişafı istiqamətində çox mühüm və kifayət qədər əsaslı bir sənədə imza atıblar. Sənədin preambulasına diqqətlə baxdıqda çox aydın şəkildə görünür ki, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq imzalanmış Bəyannamə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə böyük töhfə verəcək, həmçinin hər iki ölkədə cəmiyyətin inkişafına müsbət təsir edəcək”.

R.Məmmədov qeyd edib ki, bu Bəyannamə hər hansı üçüncü təfərə qarşı yönələn bir müqavilə deyil: “Şuşa Bəyannaməsi beynəlxalq hüququn prinsip və normalarına, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsi üçün mühüm rol oynayacaq. Qarabağın inkişafına yönəlik addımlar, Azərbaycanın Cənubi Qafqazda, ümumiyyətlə, genişlənən coğrafiyada rolunun artması, bu coğrafiyada Türkiyənin qlobal güc kimi rolunun güclənməsini nəzərə alaraq deyə bilərik ki, ölkələrimiz arasında bu müstəvidə müttəfiqlik gələcəkdə də davam etdiriləcək. Düşünürəm ki, bu da xalqlarımızın mütərəqqi inkişaf prosesinin davam etməsinə kifayət qədər münbit zəmin yaradacaq”.