“Azərbaycan üçün vasitəçinin kim olması önəmli deyil” – Deputat

“Avropa Siyasi Birliyinin II Zirvə toplantısı Moldovada keçirilir və bu toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etməkdədir. Azərbaycanın həm Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etməsi, həm də Avropa İttifaqı moderatorluğunda Cənubi Qafqazda Ermənistanla dövlətimiz arasında münasibətləərin normallaşması prosesi Prezident İlham Əliyevin bu Zirvə toplantısında iştirakını şərtləndirən amillərdəndir. Bütün bunlarla yanaşı ölkə başçısı İlham Əliyevin dünyada, o cümlədən, Avropada yüksək səviyyədə nüfuzunun olması ikinci dəfə bu tədbirə dəvət almasına səbəb olub”. Bu sözləri  deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti yalnız Azərbaycan üçün deyil, regional və qlobal məkanda da əsas aktorlardan birinə çevrilə bilib: “Heç kəsə sirr deyil ki, Avropa özünün çətin dövrlərdən birini yaşamaqdadır. Bu həm enerji böhranı ilə, həm də müharibə fonunda Ukraynaya lazımi dəstəyin verilməməsi ilə, hələ də Rusiya ilə olan gərginliyin nə ilə yekunlaşacağına dair proqnozların qeyri-mümkünlüyü ilə əlaqədardır. Belə ağır bir vəziyyətdə təbii ki, Avropa İttifaqı enerji təhlükəsizliyində aktiv iştirak edən və Azərbaycan qazını Avropaya çatdıra bilən bir liderin bu tədbirdə olması tərəfdarıdır”.

Deputat sözlərinə davam edərək bildirib ki, Cənubi Qafqazda normallaşma prosesinin tez bir zamanda baş verməsi üçün onlar da öz səylərini birləşdirirlər: “Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşən ABŞ da ən qısa zamanda Cənubi Qafqazda normallaşma prosesinin şahidi olmaq istəyir. Azərbaycan üçün vasitəçinin kim olması önəmli deyil. Sülh müqaviləsinin harada imzalanması əhəmiyyət kəsb etmir. Bizim tək istəyimiz Ermənistanla sülh sazişinin imzalanması, regionda üzunmüddətli təhlükəsizliyin əldə edilməsi, kommunikasiyaların açılmasıdır. Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatmaq üçün öz səylərini səfərbər edib. Dövlətimiz bütün imkanlardan istifadə edərək sadalanan amillərin tez bir zamanda həyata keçməsini istəyir. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı prezidenti Şarl Mişel və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında baş tutan qeyri-rəsmi görüşdə Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması ilə bağlı müzakirə olub”.