Azərbaycan” Universiteti tələbələrinin aksiyası başa çatıb

Azərbaycan” Universiteti tələbələrinin aksiyası başa çatıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, universitetin rektoru ilə görüşdən sonra tələbələr etirazı dayandırıblar. Lakin hələ də universitetin qarşısında 100-ə yaxın tələbə var. Polis əməkdaşları ərazidə asayişə nəzarət edirlər. Tələbələr bildiriblər ki, onları imtahanların yazılı formada deyil,  test üsulu ilə keçirilməsini tələb edirlər. Eyni zamanda, imtahanlarda keçid ballarının aşağı salınmasını istəyirlər. Belə ki, digər universitetlərdə keçid balı 51 olduğu halda, bu universitetdə 61 baldır.

 

41

 

Universitetin rektoru bildirib ki, sabah saat 12:00-da Elmi şuranın iclası keçiriləcək, iclasa hər fakültədən 2 tələbə dəvət olunacaq. Məsələ orada müzakirə olunaraq yekun qərar veriləcək.

 

“Azərbaycan” Universitetinin rektoru Eldar Qəhrəmanov APA-ya açıqlamasında deyib ki, etiraz edən tələbələr əsasən IV kursun tələbələri və müəyyən fənlərdən kəsiri olanlardadır. Rektor qeyd edib ki, həmin tələbələr universiteti qurtara bilməyəcəkləri ilə bağlı müəyyən narahatlıq keçirirlər: “Əslində bu bir təzyiq formasıdır. Bəzi universitetlərdə belə təzyiq forması olmuşdu. Onlar da bir-birinə xəbər veriblər. İndi təzyiq kimi belə hadisələrdən istifadə etmək istəyənlər də var. Belə hadisələr universitetlərdə olur. Gərək universitet də çalışsın ki, təhsilin keyfiyyəti təmin olunsun, müəyyən standartlar gözlənilsin. Amma bundan narazı olanlar da həmişə olur. Bizim mövqeyimiz belədir ki, hər kəs universiteti özü seçib, hüquqi müqavilə imzalayıb və daxili prosedur qaydalarına riayət etməlidir”.

 

E.Qəhrəmanov onu da bildirib ki, tələbələrin narazılıqlarının araşdırılması və yekun qərarın verilməsi 1-2 gün vaxt aparacaq: “Bu, tələblərin müraciətlərinin sayından və onların tələblərindən asılıdır. Hər bir qrup yığılaraq öz tələblərini müəyyənləşdirəcək, fikirlərini cəmləşdirib rektorluğa təqdim edəcək. Yaxın günlərdə məsələyə baxaraq yekun qərar çıxarılacaq”.