Azərbaycan və azərbaycançılığa köklənən fəaliyyət

Azərbaycanda həyata keçirilən struktur islahatları ölkəmizin inkişafında mühüm amillərdən biridir. Bu yöndə həyata keçirilən davamlı işlər sırasında Birinci vitse-prezidentlik institutunu xüsusi qeyd etmək lazımdır. Belə bir institutun yaradılması və Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində bir sıra uğurlar əldə olunub.

Mehriban xanım Əliyeva fəaliyyəti ilə daim seçilib. Biz bu fəaliyyətdə öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlılıq görürük. İstər Azərbaycanın beynəlxalq miqyasda tanıdılması, istər haqq səsimizin dünyaya çatdırılması istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işlər sözün həqiqi mənasında ölçüyə gəlməzdir.

Mehriban xanım Əliyevanın fəaliyyətində ən önəmli yerlərdən biri də humanism durur. Belə ki, aztəminatlı, şəhid ailələri, qazilərimizə göstərdiyi diqqət və qayğı nəticəsindən birinci xanım vətəndaşların nicat yerinə çevrilib. Ona edilən müraciətlər heç zaman cavabsız qalmır. Məsələyə operativ yanaşılır. Bütün bunlar isə Mehriban Əliyevanın hər bir vətəndaşın qəlbində rəğbət qazanmasına gətirib çıxarıb. Mehriban xanım Əliyevanın genişməzmunlu və çoxşaxəli fəaliyyəti humanizm prinsipinə əsaslanır. Bu baxımdan, xeyriyyəçilik Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən mühüm amillərdən biridir və özündə ali dəyərləri əks etdirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir.

Azərbaycanda keçirilən bir sıra mötəbər tədbirlərin təşkilatçısı və həmin tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin edən Mehriban xanım Əliyeva milli mədəniyyətimizin təbliğində də yorulmaz fəaliyyət göstərir. Muğam və aşıq sənətinin, tar ifaçılıq sənətinin və Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Mehriban xanım Əliyevanın fəaliyyəti və xidmətlərinin nəticəsidir. “Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir”,-deyən Mehriban xanım Əliyeva, sözün əsl mənasında, Azərbaycan mədəniyyəti və incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşır. Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Həqiqətən də, Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın çoxşaxəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

İltizam Yusifov

Milli Məclisin deputatı