Azərbaycan və Gürcüstanın tarixi əlaqələri

 

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir.Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Dil və etnik mənsubiyyət baxımından bir-biri ilə əlaqəsi olmayan bu iki xalq uzun əsrlər boyu eyni bölgədə yaşamış və eyni tarixi təcrübənin böyük hissəsini paylaşmışdır. Onların arasında dini fərqlər yalnız Cənubi Qafqazın qeyri-adi mədəni müxtəlifliyinə və zənginliyinə dəlalət edir. İki əsr ərzində Azərbaycan və Gürcüstan Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin ittifaq respublikalarının tərkibində olublar. 1918-1921-ci illərdə Bakı və Tiflis müstəqil dövlətlərin paytaxtları olub. Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob¬lem¬lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru¬siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi.

Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərirlər.

Bugün ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir.İl ilboyu Azərbaycanda və bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.

Bakı Qızlar Universiteti/ Tağıyeva Nəzrin İmran qızı