Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin tarixi əlaqələri

 

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini çoxəsrlik xalqların qardaşlıq münasibətləri birləşdirir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünya nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Prezident İlham Əliyev Tacikistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edəcək. Bu, ilk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.

Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlətimizin başçısı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoq mövcud olduğunu bildirərək deyib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. …Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. …Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. …Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir”

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının Tacikistanda keçirilən V Məşvərət Görüşündə çıxışı zamanı deyib.

“30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstəririk, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”, – deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının Tacikistanda keçirilən 5-ci Məşvərət Görüşündə çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə əməkdaşlığından danışıb. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarət və investisiyaların artması olduğunu vurğulayan dövlətimizin başçısı bu iki sahədə göstəricilərin durmadan artdığını dedi. “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində artım daha 50 faiz artıb. Artıq birgə investisiya fondları yaradılıb və növbəti 3 ildə 1 milyard dollardan çox qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb. Biz artıq sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı, yəni pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçiririk. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin mərhələsindədir. Biz Azərbaycanda bu yaxınlarda yaradılmış Ələt Azad İqtisadi Zonasına Mərkəzi Asiya şirkətlərinin marağını görürük”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Bakı Qızlar Universiteti

Tağıyeva Nəzrin İmra