Azərbaycan və Ukrayna Parlamentlərarası dostluq qrupları arasında onlayn görüş olub

Dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüş olub.

AZƏRBAYCAN VƏ UKRAYNA PARLAMENTLƏRARASI DOSTLUQ QRUPLARI ARASINDA  ONLAYN GÖRÜŞ OLUB


Görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Vüqar İsgəndərov, Müşfiq Cəfərov, Naqif Həmzəyev, Elman Nəsirov, Əminə Ağazadə, Cavid Osmanov, Anar Məmmədov, Ukrayna-Azərbaycan parlamentlərarasıdostluq qrupunun həmsədrləri ValeriyKolyux, Vladimir Kreydenko, Ukraynanın ölkəmizdəki səfiri VladislavKanevski, ölkəmizin Ukraynadakı səfirliyinin nümayəndəsi Vüsal Süleymanov, Ukraynada Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov və digər şəxslər iştirak ediblər.
Onlayn görüş iştirakçılarını salamlayan Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri ValeriyKolyux bildirib ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var.
Qrupun digər həmsədri Vladimir Kreydenkodiqqətə çatdırıb ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Hər iki həmsədr Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinəəminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.
Onlayn görüşdə qarşı tərəfi salamlayan Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Milli Məclisin rəhbərliyi adından ölkəmizin ərazi bütövlüyünün bərpasında birmənalı olaraq bizi yüksək səviyyədə dəstəklədiyinə görə Ukrayna dövlətinə və xalqına təşəkkürünü bildirib.
Diqqətə çatdırıb ki, bu müharibədə beynəlxalq hüquq və ədalət bizim tərəfimizdə idi və biz qalib gəldik. Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir və Prezidentlərimizin sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib.Hazırda Ukraynada 500 mindən artıq azərbaycanlı yaşayır. Çoxlu sayda azərbaycanlı gənc Ukraynanın müxtəlif ali məktəblərində təhsil alır.
Sonra onlayn görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa aviareyslərin bərpası, investisiyaların təşviqi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.