“Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayır və çiçəklənir”

“Biz Dövlət başçımızın gücünə arxalanmalı, birlikdə güclüyük şüarına sədaqətimizi nümayiş etdirməliyik!”

Bunu Milli Məclisin deputatı, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva XALQ.AZ-a deyib.

“Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilmişdir. Həmin müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Ölkə rəhbəri Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını vurğulamışdır. Bəli, ölkəmiz sürətlə və uğurla inkişaf edir. Həyatımızın bütün sahələrində əldə edilmiş uğurlu nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayır və çiçəklənir. Bu gün bütün dünyanı qanlı münaqişələr, qarşıdurmalar, iqtisadi çöküşlər, xəstəliklər öz cənginə almışdır. Bu təhlükələrin tezliklə başa çatması heç də real görünmür. Bütün dünya ictimaiyyəti bu problemlərlə üzləşib və ciddi narahatlıq içərisindədir.

Ölkə rəhbərinin dediyi kimi koronavirus bütün dünya üçün böyük bir bəladır, həmçinin dünya iqtisadiyyatı üçün böyük problemdir. Ölkə başçısı çıxışında beynəlxalq maliyyə qurumlarının bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhranın, 2008-2009-cu ilin böhranından da ağır olacağını qeyd edib. Qeyd olunmuşdur ki, bu gün bir sıra dövlətlər artıq bu böhranı görüb və 150 dən artıq dövlət yardıma ehtiyaclarının olduğunu bildirərək Beynəlxalq Valyuta Fonduna müraciət edib. Azərbaycanımız isə doğru və zamanında atdığı addımlara görə bu siyahıda yer almayacaq və bu sınaqdan da üzü ağ çıxacaqdır.

Prezidentimizin də vurğuladığı kimi biz bilirik ki, pandemiyanın iqtisadiyyatımıza təsiri mütləq olacaqdır, lakin biz öz soyuqqanlılığımızı qoruyaraq dövlətimizin yanında olmalı, yalnız irəli baxaraq irəli addımlamağa davam etməliyik və bu istiqamətdə bütün işlər görülməkdədir. İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezidentimiz 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib. İlin birinci rübünün iqtisadi göstəricilərindən də danışıb. Aparılmış düzgün iqtisadi siyasət nəticəsində 2020- ci il büdcəsinin mümkün olan bütün risklərdən qorunması təmin edilib. Ölkə başçısı hər nə qədər də bu ilki büdcədə nəzərdə tutulmuş, lakin zəruri olmayan layihələrin təxirə salınmasını tapşırsa da bunun sosial layihələrə heç bir təsirinin olmayacağını əksinə bir çox sosial yönümlü layihələrin büdcəyə əlavə edilməsini və mövcud proqramların tam icra olunmasını tapşırıb.Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində hökümətimiz tərəfindən bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır və bunun nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Hətta Azərbaycanın koronavirusdan qorunma modeli haqqında dünya telekanallarında dinlədikdə və dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələrinin statistikasına baxdıqda bu fərqi açıq görmək mümkündür. Təsadüfi deyil ki, ÜST – ün Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yeritdiyi siyasəti və atılan addımları təqdir edib.

Dövlətimizin bundan sonrakı addımlarının da məhz insanlarımızın sağlamlığının, həyatlarının qorunması yönündə olacağını bildirən ölkə prezidenti bu çətin günlərdə xalq və hakimiyyət birliyinin vacibliyinə diqqət çəkib. Həmçinin insanlara tövsiyyə olunan hər məqama diqqət etmələri və karantin rejiminə əməl etməklə bu bəladan tezliklə yaxa qurtara biləcəyimizin mümkün olacağını da bildirib.

Dünyada gedən proseslər əlbəttə ki, bizi də narahat edir, ancaq ölkə Prezidentinin xalqımızın rifahı və təhlükəsizliyi üçün apardığı islahatlar, seçdiyi sabitlik və inkişaf yolunun ölkəmizi nurlu sabahlara çıxaracağına inanırıq. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı təəssübkeşliyi, qayğıkeşliyi ilə bütün dünyaya nümunə göstərir, elə buna görə də xalq Onu dəstəkləyir.

Bizim birliyimizi heç bir mənfi qüvvə sarsılda bilməz!
Biz Dövlət başçımızın gücünə arxalanmalı, birlikdə güclüyük şüarına sədaqətimizi nümayiş etdirməliyik!”