“Azərbaycan Xankəndidə yaşayan ermənilərə qarşı növbəti dəfə öz humanistliyini göstərdi” – Deputat

“Biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı sualı cavablandırarkən deyib.

Prezident qeyd edib ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur:

“Onlar, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər. Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu”.

Dövlət başçısı “üçüncü dəvət”in olmayacağını vurğulayıb:

“Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər”.

Qeyd edək ki, Azərbaycan Xankəndidə yaşayan ermənilərə qarşı növbəti dəfə öz humanistliyini göstərdi. Biz onları iki dəfə Bakıya dəvət etməyimizə rəğmən, gəlmədilər. Ermənilərin sülh istəmədiyini göstərən digər bir amil də Bakının dəvətini qəbul etməmələri oldu. Prezident İlham Əliyev də bu məsələdə bir daha qəti mövqeyini ortaya qoyaraq üçüncü dəvətin olmayacağını vurğuladı.

Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşa Qlobal Media Formunda iştirakı, dünyanın 50-dən yuxarı media mənsublarının suallarına özünəməxsus cavablar verməsi və 3 saata yaxın davam edən sual-cavab mərhələsi hazırda dünya mediasının diqqət mərkəzindədir:

“Cənab İlham Əliyev orada çox önəmli açıqlamalar verdi. Dövlət başçısı bir çox sual doğuran məsələləri tam aydın və konkret şəkildə cavablandırdı. Təbii ki, bu məsələlər içərisindəki əsas mövzular Azərbaycan-Ermənistan münasibətləri, münaqişə, müharibə və postmüharibə dövründə yeni çağırışlar və burada rəsmi Bakının mövqeyi cənab Prezidentin fikirləri ilə öz əksini tapmış oldu. Cənab İlham Əliyev orada bir maraqlı məqama da toxundu.

Bu, Qarabağda yaşayan erməni vətəndaşlarımızın reinteqrasiyası ilə bağlı idi. Prezident söylədi ki, biz onlara iki dəfə dəvət göndərdik, amma bunu qəbul etmədilər. Dövlət başçısı vurğuladı ki, üçüncü dəvət olmayacaq. Bu isə o deməkdir ki, Azərbaycan artıq yeni dəvətlər etməyəcək. Həm öz Konstitusiyasına, həm beynəlxalq hüquqa söykənən  legitim hüququndan istifadə edəcək. Əlbəttə, bilirik ki, hazırda orada yaşayan bir ovuc erməni xuntanın əsarəti altındadır. 

Qarabağda yaşayan erməni vətəndaşlarımızın bir çoxu Azərbaycanla reinteqrasiya prosesində maraqlıdırlar. Biz bununla bağlı çox pozitiv müraciətlərin də olduğunu bilirik. Lakin xunta və oradakı terrorçu dəstə o insanları qorxutmaqla, hələlik bu reinteqrasiya və sülh prosesinə mane olurlar”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan tərəfi yenə də lazım və vacib olan addımları atır:

“Oradakı terrorçu dəstə  hər gün vaxt itirir. Zaman Azərbaycanın xeyrinə işləyir və lazım olan anlarda konkret əməli fəaliyyətə keçəcəyik. Hələlik oradakı əhali anlamalıdır ki, Azərbaycan bayrağı və Konstitusiyası altında yaşamalıdırlar. Əgər bunu istəmirlərsə, oradan gedə bilərlər. Ümumiyyətlə, onlar da Azərbaycanda yaşayan digər azlıqlar kimi bərabər hüquqa malik vətəndaşlarımızdırla.

Anlamalı və bilməlidirlər ki, Azərbaycanın tərkibində həyatlarında heç vaxt olmayan qədər layiqli yaşayacaqlar. Güzaranları, həyatları heç vaxt olmadığı qədər daha xoş və firavan olacaq. Bunu insanların bir çox anlayır. Bu prosesə mane olan qüvvələr vacib anda zərərsizləşdiriləcəklər. Onlar da bunu bilirlər. Ona görə də cürbəcür proseslərə al atmağa çalışırlar. Təbii ki, bunların hər biri əbəsdir. Onlar anlamalıdırlar ki, ya Azərbaycan qanunu altında yaşamalı, ya da həmin əraziləri təcili tərk etməlidirlər”.