Azərbaycan yeni bir dövr-İslahat və inkişaf

Ölkə başçısı İlham Əliyev bu ilin 7 fevralında keçirilmiş növbədənkənar prezident seçkilərində hər bir Azərbaycan vətəndaşının yekdilliklə səsverməsi nəticəsində növbəti dəfə Prezident seçilməsindən sonra Milli Məclisdə baş tutan andiçmə mərasimində çıxışı zamanı çox əhəmiyyətli məqamlara toxundu. Bu məsələlərdən biri də artıq yeni dövrün başlanmasının anonsunun verilməsi idi. Bu ifadə özlüyündə bir çox məqamları ifadə edir. Biz artıq ən böyük problemimiz olan, tarixin arxivinə göndərdiyimiz Qarabağ probleminin də öhdəsindən gəldik. Açılmamış düyün olaraq qalan bu məsələ birdəfəlik həllini tapdı”.

Bu sözləri  açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın qarşısında dayana biləcək hansısa həyat əhəmiyyətli heç bir problem qalmayıb: “Artıq yeni bir dövr başlayır. İndi Azərbaycanın qarşısında tamamilə suverenliyi bərpa edilmiş bir ölkənin bundan sonrakı daha güclü, dinamik inkişafı dayanır. Bu inkişaf özündə iqtisadi, siyasi, sosial, hərbi və s. bir çox sahələrdə inkişafı əks etdirir.

Sadalananlarla bərabər kadr islahatları da yeni dövr üçün aktual məsələdir. Cənab Prezidentin son illərdə həyata keçirdiyi kadr islahatları onu deməyə əsas verir ki, Azərbaycanda yeni dövr ölkə başçısının dövlətimizin gələcəyi üçün nəzərdə tutduğu inkişafı təmin edə biləcək kadrlarla birgə öz həllini tapacaq. Aparılan bu siyasətin əhəmiyyəti isə olduqca mühümdür və birbaşa olaraq ölkə rəhbərinin səlahiyyətində olan bir işdir. Əminik ki, məhz dövlət başçısının seçimi ilə təyin olunan kadrlar Azərbaycanın daha güclü inkişafına öz töhfələrini verəcəklər”.